Sazbəndin dərdi: "Kaş öz düzəltdiyim sazı özüm də ustad kimi çala biləydim" - REPORTAJ

Elə el sənətləri var ki, bugünkü gənclik biganə qalsa da, yaşlı nəsil onu unutmaq və ya kiməsə unutdurmaq niyyətində deyil. Saz sənəti Azərbaycan xalqının milli dəyərlərindən hesab olunur. Hazırda bu sənəti yaşadan əsasən yaşlı nəslin nümayəndələridir.  Mürvət dayının 67 yaşı var.  18 yaşından sazbəndliklə məşğul olur. Deyir ki, məcburi köçkün düşdüyü Kəlbəcərin Alovlar kəndində onlarla sənətkar saz düzəldirdi.  Saz düzəltməyi bacarmayanlar isə sazda ifa etməyi bilirdi.  Hazırda Goranboyun Qara Çinarlı  kəndində məskunlaşan Alovlular dədə-babadan qalma bu sənəti hələdə davam etdirirlər.

 

"Bizim kəndimizdən, biz nəsildən, Alovlar kəndindən bu kənddə yaşayan 30-40 ailə varsa, onun 15-20 evində mənim kimi saz ustası var. Hamısı da özünəməxsus düzəldir. Heç pis də düzəltmirlər".

 

Görkəmli Azərbaycan şairi Məmməd Aslanın yetirməsi olan Mürvət dayının  əsas peşəsi baytarlıq olub. Köçkünlük həyatında 4 uşaq böyüdüb, ev-eşik sahibi edib. İkisi ali təhsillidir, hazırda müəllim işləyirlər. Həmin çətin illərdə onun imdadına elə bu sənət çatıb. Dövlətdən aldığı çörəkpulunu evinə, düzlətdiyi sazları isə sataraq oğlanlarının təhsilinə xərcləyib.

 

"Düzəldirdim, aparıb satırdım, oğlanlarım institutda oxuyurdu, özüm də tələbəliyi görmüşdüm. Deyirdim, ehtiyacı olmasın. Özüm qaçqın olsam da, qoy yoldaşlarından, qrup yoldaşlarından, institut tələbələrindən geri qalmasınlar. Heç olmasa cibində 5-3 manat pulu olsun".

 

"Düzəltdiyi sazlara əsasən müştərilərinin cibinə görə qiymət kəsib. Alıcısının sazı xoşlamadığını görəndə isə qiymətdə güzəştə gedib. Deyir ki, son illər alıcıların sayı artıb. Əsasən musiqi məktəblərindən sifarişlər götürür. Amma mən indi deyə bilmərəm ki, bu sazı düzəltmişəm, o alıcının, o çalanın ürəyi istəyən kimi çıxacaq. Alır əlinə baxır, çalır görür ki ürəyincə deyil, mən də hiss edirəm bunu. Ustayam axı, görürəm ki, ürəyincə deyil, bayaq ürəyimdə tutduğum qiymətdən bir az aşağı qiymətə deyirəm".

 

Ürəyində qalan ən böyük arzularından biri sazı ürəyi istədiyi kimi ifa etməyi bacara bilməməsəidir. Öz oğluna, bacısı oğluna qohum-əqrəbaya düzəltdiyi sazı pulsuz hədiyyə edir. Deyir ki qoy heç olmasa, onlar bu sazı mükəmməl öyrənsinlər: "Onlar ki bu sazı belə gözəl dilləndirirlər, çalırlar, özüm-özlüyümdə bir az iztirab keçirirəm. Deyirəm, sazı özün düzəldəsən, amma çala bilməyəsən. Bax, dəhşət budur. Onda adam özü özlüyündə yanır yaxılır ki, ay dad, kaş mən də sazı satdığın adam kimi çala biləydin. O da məndə alınmır. Yəqin ya cavanlıqdan saz çalmamışam, ya da qocalıqdandır".

 

Mənəvi tariximiz baş belə yaşayır, əldən-ələ keçən, öyrənilən, miras qoyulan sənətlərlə.

Müəllif | Apa.Tv
Apa.tv