Şüvəlanda su quyusuna düşən 60 yaşlı kişi xilas edildi - ƏMƏLİYYAT GÖRÜNTÜSÜ

Şüvəlanda 60 yaşlı kişi su quyusuna düşüb. APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində 1 nəfərin fərdi yaşayış evinin həyətyanı sahəsində su quyusuna düşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu  hadisə yerinə cəlb edilib.

 

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki , 1957-ci il təvəllüdlü Allahyarov İlham İbrahim oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi 8 metr və diametri 1 metr olan su quyusunda təmizlik işləri apararkən nərdivandan yıxılıb və sağ ayağının sümüyü topuqdan sınaraq köməksiz vəziyyətdə qalıb. Ev sakinləri və qonşular zərərçəkmişin çıxarılmasının mümkünsüz olduğunu görmüş və kömək üçün “112” qaynar telefon xəttinə  müraciət  ediblər.

Xilasedicilər qısa zaman ərzində  təhlükəsizlik qaydalarına riayət etməklə alpinist ləvazimatlarla zərərçəkmişi quyudan çıxararaq hadisə yerinə çağırılmış Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil veriblər. 

Müəllif | Apa.Tv
Apa.tv