Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü keçirilib
Avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli Zirvə görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev yeni formatda təşkil olunan bu toplantının ölkələr arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu deyib, Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proseslərindən danışıb.
İran prezidenti Həsən Ruhani yüksək qonaqpərvərliyə və bu toplantının keçirilməsindəki roluna görə Azərbaycan prezidentinə təşəkkür edib. Bu Zirvə görüşünün fikir mübadiləsi aparmaq, ortaq mənafelərin yaranması üçün yaxşı fürsət olduğunu deyən Həsən Ruhani toplantının hər üç ölkənin yaxşı münasibətlərinin mühüm göstəricisi olduğunu vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin ölkələrimizin mühüm tərəfdaş olduğunu, aramızda yaxşı münasibətlərin formalaşdığını diqqətə çatdırıb. Hər üç ölkənin dünyanı və regionu narahat edən məsələlərin həllində mühüm rol oynadığını deyən Vladimir Putin terrorizmə və narkotiklərin daşınmasına qarşı mübarizədə birgə səylərin artırılmasının vacibliyini vurğulayıb, Xəzər dənizində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə toxundu. O, mədəniyyət, təhsil, elm və digər sahələrdə ölkələrimiz arasında yaxşı əməkdaşlığın olduğunu deyib.
Sonda Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün birgə bəyannaməsini imzalayıblar.
İmzalanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin növbəti görüşü İranda baş tutacaq. O bildirib ki, İran prezidenti növbəti görüşün İranda keçirilməsini təklif edib. Azərbaycan Prezidenti təklifin qəbul olunduğunu bildirib.