Putin: “Ermənistan və Azərbaycan hər iki tərəf üçün məqbul olan həlli tapmalıdır”
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, bu, Rusiya prezidentinin son üç ildə Azərbaycana üçüncü səfəridir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Rusiya arasında çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Ölkələr beynəlxalq məkanlarda fəal qarşılıqlı əlaqə saxlayır, siyasi dialoq fəallaşır, iqtisadi əlaqələr möhkəmlənir, nəqliyyat və energetika sahələrində də yaxşı nəticələr var, humanitar əməkdaşlıq inkişaf edir:
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Rusiyanın rolunu xüsusi vurğulamaq istərdim. Biz bu rolu qiymətləndiririk və tənzimləmə prosesinin irəliləməsində Sizin şəxsi iştirakınız çox böyük əhəmiyyət kəsb edir. İyun ayında Sankt-Peterburqda keçirilən görüş əsasən bu problemə həsr edilmişdi və şəxsən Sizin həmin prosesdə fəal iştirakınıza görə təşəkkür edirəm”.
Rusiya prezidenti Vladimir Putin isə deyib ki, iki ölkə arasında münasibətlər kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malikdir:
“Siz Qarabağ məsələsini xatırlatdınız. Bu problem bizim hamımıza ümumi, sovet keçmişimizdən miras qalıb. Bunun Azərbaycan və Ermənistan üçün nə qədər kəskin məsələ olduğunu bilirəm. Biz bir məqsədə nail olmağa çalışacağıq: Ermənistan və Azərbaycan kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll tapmalıdır, burada qalib gələn tərəf olmamalıdır, qalib gələn - iki ölkənin xalqları olmalıdır. Hər iki dövlət hiss etməlidir ki, onlar bu mürəkkəb məsələni bu günümüzün mənafeyi və gələcək nəsillər üçün həll ediblər”.
Vladimir Putin əlavə edib ki, Azərbaycanda təxminən 600 Rusiya şirkəti işləyir. Birbaşa investisiyaların həcmi 1,5 milyard dollara yaxındır. Onun sözlərinə görə, perspektiv üçün yaxşı layihələr var və onlar təkcə energetika sahəsinə aid deyil.