Arvadının qətlini sifariş etmiş şəxsin məhkəməsi başlayır
Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüstəm Rzayev və Elşad Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı avqustun 17-nə təyin edilib.
Məlumata görə, yanvarın 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış, 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilib. Məhkəmə yolu ilə ayrılan ər-arvad arasında əmlak və iaşə obyekti problemi olub. Tərəflər məhkəməyə müraciət ediblər. Məhkəmədən bir necə gün əvvəl isə Sevil Rzayevanın meyiti evdə aşkar edilib.
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb edilib.
Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədilə qətlini sifariş verdiyi məlum olub.