Təyyarə insidentindən sonra İLK - Ərdoğanla Putinin görüşü baş tutdu
Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. APA TV-nin məlumatına görə, görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak ediblər.
Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra Ərdoğanın ölkəyə ilk dəfə səfər etdiyini xatırladıb. O, təyyarə insidentindən sonra iki ölkə arasında münasibətlərin n aşağı səviyyəyə düşdüyünü deyib: “Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu səfər hər iki xalqın marağına cavab verəcək”.
V. Putin təkbətək və geniş formatda keçiriləcək görüşlərdə ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin olacağını bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdindən az sonra Rusiyaya səfər etdiyini xatırladıb. O bildirib ki, iki ölkə arasında münasibətlər müsbət mərhələyə keçib: “Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələlərə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək”.
15 iyul hadisələrini dəyərləndirən Vladimir Putin bildirib ki, Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir. O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.