"Sənsiz yaşamaqdansa, ölmək yaxşıdır" - İntihar etmiş 15 yaşlı oğlanın son məktubu
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi təfərrüatlar
üzə çıxıb. İntihar etmiş Teymur Həsənlinin özündən başqa bir bacısı və bir qardaşı da olub. Teymur evin ən kiçik uşağı imiş.
Qonşuları Teymurun ailəsini müsbət xarakterizə edirlər: Pisliklərini görməmişik, yaxşı ailə idilər. Salamları, kəlamları yerində idi. Gündə 10 dəfə görsəydi belə, salam verərdi. Anasına deyib ki, yarım saata gəlirəm. Sonra qayıtmayıb".
Teymur Həsənli yay tətili olduğundan evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. Bir aya yaxındır namaz qılırmış. Hadisə günü günorta yeməyini yeyib, namazını qılıb. Anasına "yarım saatlıq sexə gedib gəlirəm" deyərək, evdən çıxıb. Bir neçə saatdan sonra kəndə Teymurun özünü asdığı xəbəri yayılıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsindən verilən məlumata görə, əməliyyatçılar hadisə yerində olan zaman sexin qapısı bağlı olub. Məlum olub ki, Teymur intihar etməzdən əvvəl sexin qapısını arxadan bağlayıbmış. Araşdırma zamanı 15 yaşlı yeniyetmənin özünü avtomobil qoşqusu ilə asdığı müəyyənləşib. Kiçik oturacaqda isə məktub aşkar olunub. Teymur Həsənli son məktubunda bu sözləri yazıbmış:
“Səni çox sevirdim, ancaq mənim sevgimə cavab vermədin. Bilirəm ki, elədiyim günahdır. Ancaq bu dünyada sənsiz yaşamaqdansa, ölmək məsləhətdir".
Sabunçu rayon Prokurorluğundan bildiriblər ki, söhbətin kimdən getdiyini, məktubun kimə yazıldığını yalnız mərhum özü bilirmiş. Çünki məktubda qızın adı qeyd olunmayıb.
Qeyd edək ki, Teymur Həsənli bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirib. Onun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilir. Qonşuların sözlərinə görə, ailə əslən İmişli rayonundan olduğundan mərhumu orada dəfn ediblər. Fakt Sabunçu rayon prokurorluğunda araşdırılır.