Günvurmadan necə qorunmalı - HƏKİM MƏSLƏHƏTİ

Yay mövsümündə müşahidə olunan və geniş yayılan hallardan biri günvurmadır. Bu mövsümdə ümumilikdə 47 nəfər günvurma faktı ilə bağlı həkimə müraciət edib. Mərkəzi Neftçilər Xəstəxanasının terapiya şöbəsinin müdiri Ədalət Abdullayev bildirib ki, son günlər havaların isti keçməsi ilə əlaqədar  daha çox yaşlı insanlarda günvurma halları qeydə alınıb. Bəzən insanlar ilkin əlamətləri başqa səbəblərlə izah edirlər. Lakin günəşin şüaları altında çox qalmısınızsa, tez yorulur, əzginlik hiss edirsinizsə, yuxu rejimi pozulubsa, demək ki, sizi gün vurub.

 

Həkim qeyd edib ki, günvurma 3 mərhələli olur. İlkin mərhələdə zəiflik, tez yorulmaq, baş ağrılar kimi əlamətlər özünü büruzə verir. Bu halda tez bir zamanda gün olmayan yerə keçmək və soyuq su içmək lazımdır. İkinci dərəcəli günvurmada əvvəl sadalanan əlamətlərə ürək bulanma və qusma əlavə olunur, hərarət artır, dəri örtüyü qırmızı rəng alır, ürək döyüntüləri artır. Bu halda həmin şəxsi sərin yerə çəkmək, sərin mayeyə duz və ya qənd əlavə etmək lazımdır ki, maye bədəndə qalsın. Ağırlaşma mərhələsi isə daha çox hipertoniya, şəkər xəstəliyi olan insanlarda müşahidə olunur. Belə xəstələri adətən xəstəxana şəraitində müalicə olunur.

 

“Ümumiyyətlə, günvurmanın qarşısını almağı hər kəs düşünməlidir. Uzun müddət gün altında olmaq məsləhət deyil. Olanda isə mütləq başı qorumaq, papaq geymək lazımdır. Geyilən paltarlar natural materiallardan, pambıqdan, ipəkdən olmalı, başı sıxmamalıdır. Ağ rəngdə olmağı məsləhətdir. Ağır xörəklər məsləhət deyil. Alkoqollu içkilər qəbul etmək qəti qadağandır. 100 qr araqdan sonra günvurma daha çox müşahidə olunur, nəinki, içməyən insanda. Günvurma hallarını soyuq pivə ilə aradan götürmək də qəti qadağandır!”

 

İlkin tibbi yardım olaraq, gün vuran şəxsi sərin yerə aparmaq, rahat nəfəs almasını təmin etmək, soyuq maye vermək lazımdır. Ehtiyac olarsa, bədəni soyuq su ilə yumaq, ayaq bükümlərinə buz qoymaq, soyuq su ilə isladılmış dəsmalı həmin şəxsin alnına qoymaq lazımdır. Belə tədbirlər effektiv təsir göstərir. Ədalət Abdullayev qazlı içkilərdən uzaq durmağı tövsiyə edir. Sərin olsa belə, bu növ içkilərin orqanizmə heç də müsbət deyil. Terapevt yay mövsümündə çimərliyə gedənlərə xüsusilə diqqətli olmağı məsləhət görür.

 

“Dənizdə birbaşa gün altında uzun müddət qalmamaq lazımdır. Gün altında 15-20 dəqiqədən artıq olmaq məsləhət deyil. Çətirlərdən istifadə etmək, kölgə yaratmaq lazımdır. Qaralmaq istəyənlər uzanıqlı vəziyyətdə deyil, hərəkət edərək, ayaq üstə qaralsalar, daha yaxşı olar. Uzanıqlı vəziyyətdə günvurma daha tez olur. Yeməyə diqqət etmək lazımdır. Ağır yemək olmaz. Süd məhsullarından, asan həzm olunan qidalardan istifadə etmək lazımdır.  Əks halda, həzm prosesi pozulur, bu halda isə günvurma daha ağır formada özünü büruzə verir”.

 

Beləliklə, günvurmadan qorunmaq istəyirsinizsə, günəşin altında uzun müddət qalmayın. Baş örtüklərindən istifadə edin. Gün ərzində ən azı 3 litr maye qəbul edin. Qida rejiminə diqqət etməyi unutmayın. Əgər əvvəldə sadalanan əlamətləri müşahidə etsəniz, mütləq həkimə müraciət edin.

 

Müəllif | Apa.Tv
Apa.tv