Türkiyənin Gəncədəki baş konsulu: "Azərbaycanın yanımızda olmasını duymaq bizim üçün böyük dəstək oldu"

Türkiyənin Gəncədəki Baş Konsulluğunda 15 iyul dövlət çevrilişinə cəhd və onun qarşısının alınması, həmçinin bu hadisələrdən sonra bölgədə yaranan yeni siyasi perspektivlərə həsr olunan mətbuat konfransı keçirib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, Türkiyənin Gəncədəki baş konsulu Orhan İşık bildirib ki, 15 iyul hadisələri Türkiyə dövlətinin sabitliyinə və gələcəyinə qəsddir. Onun sözlərinə görə, on illər ərzində ölkənin müxtəlif strukturlarında, o cümlədən ordu daxilində təşkilatlana bilən, Fətullah Gülənə bağlı qüvvələrin çevrilişi gerçəkləşdirmək cəhdləri xalqın öz iradəsini qəti şəkildə ortaya qoyması ilə tam iflasa uğrayıb.

 

“Türkiyə üçün ölüm-qalım məsələsinin özünü tam açıqlığı ilə büruzə verdiyi 15 iyul gecəsində qardaş Azərbaycanın xalqının və iqtidarının yanımızda olmasını duymaq bizim üçün böyük dəstək oldu” - deyə, Orhan Işık vurğulayıb.

 

Baş konsul FETÖ-nün Türkiyəni fəlakətə sürükləmək cəhdlərinin qarşısının alınması ilə Azərbaycanın da daxil olduğu böyük bir coğrafiyada da gələcək təlatümlərin önlənmiş olduğunu qeyd edib.

 

“Qərbdəki müttəfiqlərimizin Türkiyədə demokratiyanın irtica üzərindəki bu böyük qələbəsini rəğbətlə qarşılayacaqlarını, buna sevinəcəklərini gözləsək də bu, baş vermədi. Onlar Türkiyənin dörd bir yanında on milyonlarla, o cümlədən İstanbulda 5 milyonadək insanın qatıldığı demokratiya mitinqlərin görməzliyə vurur, əvəzində öz telekanallarında daha çox orda-burda gözə dəyən radikal islamçı qiyafəli adamları göstərərək cəmiyyətimizi aşağılamaq istəyirlər” -deyə, Orhan İşık bildirib.

 

Müəllif | Apa.Tv
Apa.tv