ABŞ və İraq hasilatı artırır, neftin qiyməti sabitləşir
Birjalarda "Brent" markalı neftin qiyməti sabitləşmək üzrədir. APA TV-nin məlumatına görə, son 24 saat ərzində bu markadan olan neftin ən yüksək qiyməti 45,62 dollar olub. Bu, həftənin ilk seanslarında qeydə alınan qiymətdən 1,15 dollar bahadır. Gün ərzində neftin qiyməti sabitləşməyə başlayıb və hazırda "Brent" neftinin bir bareli 44,83 dollardan satılır. Qərbi Texas nefti də dəyər qazanmaqdadır. Son 24 saatda WTİ neftinin maksimum qiyməti 43,39 dollar olub, səhər seanslarında isə qiymət bir qədər ucuzlaşaraq 42,61 dollar təşkil edib.
Ötən həftə ABŞ xam neft ehtiyatları 2.09 milyon barel artıb. Qarşıdakı həftə isə analitiklər ehtiyatların azalacağını bildirir. İraqın neft naziri ölkəsinin ixracını gündəlik 25 min barel artırdığını açıqlayıb. Qarşıdakı həftə ərzində neftin qiymətində ciddi artım və ya enişin olmayacağı bildirilir.