Abşeronda uşaqlardan ibarət cinayətkar dəstə axtarılır
Abşeronda bir gecədə 3 mağaza qarət edilib. APA TV-nin məlumatına görə, hadisə Abşeron rayonu, Gənclər şəhərciyində qeydə alınıb. Şəhərcikdə yerləşən mağaza sahibləri səhər işə gələndə gözlənilməz sürprizlə qarşılaşıblar. Mağazalarının qarət olunduğunu görən sahibkarlar dərhal polisə məlumat veriblər. Mağazaların gecə saatlarında, yeniyetmələr tərəfindən qarət olunması təhlükəsizlik kamerasının lentə aldığı görüntüyə əsasən müəyyənləşdirilib. Ərzaq mağazasının sahibinin sözlərinə görə, oğrular bahalı siqaret və kassadan 600 manat nağd pul aparıblar. Sözü gedən ərazidə yerləşən tərəvəz mağazasının sahibi Kamil Şirinov da o gecənin zərərçəkənlərdəndir. Onun sözlərinə görə, oğrular mağazanın dəmir barmaqlarında olan qıfılı qıraraq içəri daxil olublar: "Hadisə gecə saat 4-də baş verib. Qonşunun obyektinin kamerası çəkib. Cavan uşaqlardır 15-16 yaşında. Biri lap balacadır, təxminən 12-13 yaşı olar".
Oğrular bununla da kifayətlənməyərək yaxınlıqdakı uşaq aləmi mağazasını da qarət ediblər. Sözü gedən oğurluq hadisələri ilə bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir.