Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat başladı, yüzlərlə şəxs həbs olundu
Səhər saatlarından başlayaraq Türkiyənin müxtəlif şəhərlərində FETÖ terror təşkilatı ilə əlaqədar əməliyyatlar keçirilir. APA TV-nin məlumatına görə, Kayseridə 112 iş adamının həbsi ilə bağlı keçirilən əməliyyata 400 polis cəlb olunub. Həbs olunanlar arasında Kayseri Ticarət Odasının rəhbəri Mahmud Hiçyılmaz, AKP Kayseri təşkilatının sabiq rəhbəri Ömər Dəniz də var.
Bu gün keçirilən əməliyyatlar zamanı Cəlal Bayar Universitetinin sabiq rektoru Mehmet Pakdemirli də həbs olunub. 15 iyuldan sonra vəzifəsindən azad olunan Pakdemirli ilə yanaşı 18 professor və universitet əməkdaşının da həbs olunduğu bildirilir. Mehmet Pakdemirli Türkiyə baş nazirinin sabiq müavini Bülənd Arıncın yaxın adamlarından sayılır və onun rektor vəzifəsinə Arıncın təqdimatı əsasında təyin olunduğu iddia olunur.
İzmirdə isə Terrorçuluğa Qarşı Mübarizə şöbəsinin əməkdaşları səhər saatlarında FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan 55 nəfəri həbs ediblər. 63 evdə keçirilən əməliyyat zamanı saxlanan şəxslər arasında çoxlu sayda ədliyyə məmurunun olduğu bildirilir.