Göyçayda küçələr və evlər çirkab sulara qərq olub

Göyçay şəhərinin Məhəmməd Əmin Rəsulzadə küçəsində və 48-ci məhəlləsində yaşayan sakinlər hər gün çirkab və ifunət dolu sulardan çox əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, küçədən keçən su arxları və kiçik bərələrin lil çöküntüləri və zibil tullantıları ilə dolması onların narahatlığına səbəb olur.

 

Sakinlər hesab edirlər ki, su bərələri tez-tez təmizlənsə, kommunal təsərrüfat idarəsinin əməkdaşları küçələrdən zibilləri vaxtında yığışdırsa, bu cür problemlər də olmaz.

 

Sakinlərin sözlərinə  görə, küçədə zibil qutularının olmaması səbəbindən tullantılar su bərəsinə atılır. Küçənin yuxarı hissəsində yaşayan sakinlər tərəfindən su bərəsinə atılan zibillər aşağı hissədə yaşayan sakinlərin haqlı narazılığına səbəb olur. Elə bu səbəbdən də su arxları dolur, zibilli və çirkab sular arx və bərələrdən daşaraq küçələrə, həyətlərə axır, evlərin zirzəmilərinə dolur, su divarlara, yola ziyan vurur. Sakinlər yay vaxtı üfunət iyindən evdə otura bilmədiklərini deyirlər. Onların sözlərinə görə, yay vaxtı bu problem öz həllini tapmazsa, ən acınacaqlı vəziyyət yağışlar başlayandan sonra olacaq. Küçə ilə axıb gedən çirkab sular səbəbindən yolda hərəkət etmək də çətinləşir.    

 

Göyçay rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəliyinin təmsilçiləri məsələyə münasibət bildirməkdən imtina ediblər.

Müəllif | Apa.Tv
Apa.tv