Göyçayda 3 gün əvvəl kanala düşən kişinin MEYİTİ TAPILIB
Oktyabrın 18-də Yuxarı Şirvan kanalına düşərək boğulan Bakı sakininin meyiti oktyabrın 21-də tapılaraq yaxınlarına təhvil verilib. APA TV-nin xəbərinə görə, Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Kamil Qəhrəmanovun meyiti kanala düşdüyü yerdən 500 metr aralıdan, Ləkçiplaq kəndi ərazisindən tapılıb. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevir şəhərindəki Aran regional dalğıc qrupu tərəfindən həmin şəxsin meyitinin tapılması istiqamətində 3 gün ərzində ardıcıl iş aparılıb və müxtəlif vasitələrdən istifadə olunub.
67 yaşlı Kamil Qəhrəmanov oktyabrın 18-də Göyçayın Cəyirli kənd sakini, yenicə qohum olduğu qudası Ağmusa İsmayılovun ailəsinə qonaq gəlib. Həmin gün Yuxarı Şirvan kanalının kənarına çıxan Kamil Qəhrəmanov suya düşüb. O, rayonun Potu kəndi ərazisində nar yedikdən sonra su ilə əlini yumaq üçün kanalın kənarına yaxınlaşıb və ehtiyatsızlıqdan ayağı sürüşərək kanala düşüb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.