Azərbaycanda elektron ticarət vergiyə cəlb olunacaq
Bu günə qədər Vergilər Nazirliyinin tətbiq etdiyi "Tax-free" sisteminə əsasən 45 min şəxsə 104 min manata yaxın əlavə dəyər vergisi qaytarılıb. Bu barədə Vergilər Nazirliyində keçirilmiş mətbuat konfransında vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.
Onun sözlərinə görə, hazırda sistem hava limanlarında tətbiq olunur. Gələcəkdə isə digər sərhəd-keçid məntəqələrində də “tax-free”dən istifadə olunacaq.
Azərbaycanda rəqəmsal ticarətin vergiyə cəlb olunması və transfert qiymətləri ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi məsələsi isə 3 ay müddətinə öz həllini tapacaq. Nazir bildirib ki, artıq gələn ildən elektron ticarətin vergiyə cəlb olunması mümkün ola bilər: “Bu gün elektron ticarət vergidən kənarda qalır. Biz çalışacağıq ki, bütün bu proseslər vergiyə cəlb olunsun”.