Daha bir ölkə FETÖ məktəblərini bağladı
Daha bir ölkə Fəthullahçı Terror Təşkilatı ilə əlaqəsi olan məktəblərin bağlanması barədə qərar qəbul edib. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib. Çavuşoğlu bildirib ki, Liviya hökuməti FETÖ ilə əlaqəsi olan məktəblərin hamısının bağlanmasına göstəriş verib.
Ötən ilin noyabrında Rusiya təyyarəsinin vurulması ilə bağlı insidentə aydınlıq gətirən XİN başçısı təyyarəni vuran pilotların bəzilərinin həbs olunduğunu xatırladıb: "Onlar FETÖ terror təşkilatına üzvlük ittihamı ilə saxlanılıblar. Onların həbsinin səbəbi təyyarəni vurmaları deyil. Bu məsələni prokurorluq araşdırdıqdan sonra müvafiq qərar veriləcək".
Türkiyənin NATO üzvü olmayan ölkələrdən müasir raket sistemləri alması məsələsinə münasibət bildirən Çavuşoğlu qeyd edib ki, bu addım hərbi alyansa qarşı yönəlməyib: "Müdafiə sənayesi ilə bağlı, xüsusilə raket sistemlərinin alınması ilə bağlı NATO üzvü olmayan ölkələrlə əməkdaşlıq edənlər də var. Türkiyə bu günə qədər NATO üzvü olan ölkələrlə bu məsələdə əməkdaşlıq etmək istədi. Amma əldə olunan nəticə bizi razı salmadı. Ona görə bizim başqa yollar axtarmağımız son dərəcə normaldır".