ETSN rəsmisi: "Qızmar istilər bir neçə gün davam edəcək"
Ötən ay respublika ərazisində yay fəslinə xarakterik olmayan qeyri-sabit hava şəraiti müşahidə olunub. Lakin avqustun ilk günlərindən qızmar istilər başlayıb və hazırda da davam etməkdədir. Bu hava şəraiti nə vaxta qədər davam edəcək? ETSN-nin Proqnoz metodları və iqlim xidmətləri şöbəsinin rəisi Fərqanə Həsənova yaxın günlərdə hava şəraitinin əsasən yağmursuz keçəcəyini bildirib.
“Avqust ayına xarakterik hava şəraitidir. Cənubdan gələn isti hava kütlələri ilə əlaqədardır. Əsasən, 2-3 gün ərzində belə hava şəraiti davam edəcək”.
Onun sözlərinə görə, respublikanın ayrı-ayrı yerlərində havanın hərarəti 40 dərəcəni keçəcək.
“Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 35-40 dərəcə isti olacaq. Bölgələrdə əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun 35-40 dərəcə, Mərkəzi Aran və Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində 42 dərəcə olacağı gözlənilir”.
Temperaturun yüksək olması meteohəssas insanlar üçün çətinlik yarada bilər. Odur ki, günün isti saatlarında Günəşdən qorunmaq məsləhətdir.
“Havaların isti keçməsi ilə əlaqədar olaraq meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Günorta saatlarında qızmar günəş altında gəzmək məsləhət deyil”.
Avqustun 15-dən sonra bölgələrdə hava şəraitinin dəyişilməsi ehtimalı var.