80 yaşlı Əlisa Nicat: "İnsanlar min illərlə gerçəkdən uçublar, indi ancaq yuxularda uçurlar"
"Allaha şükür, bütün tufanlardan gəmini sağ-salamat çıxartmışıq. Gəlib çatmışıq. 80 yaş. Böyük hünər deyil. Hər şey yaxşıdır.
10 avqust yazıçı-filosof Əlisa Nicatın doğum günüdür. Onun çiynində 80 illik ömür dayanır. Geri baxıb fəxrlə "bu ömrü mən yaşamışam", deyə biləcəyi ömür. Onu tələbə vaxtından tanıyıram. Mənimlə birgə minlərlə azərbaycanlının dünya görüşünü dəyişmək kimi bir qismətə sahibdir Əlisa Nicat. Əsərlərini, tərcümələrini oxumaqla həyatı dərk etməyə çalışmışıq bu işıqlı insanın.
"Cavanlıqda bütün sevgiyə özümü bağlamışdım. Həddindən çox ilahi sevirdim. Birinci dəfə Lənkəranda 16-17 yaşlarımda sevmişəm. Şərqiyyə adlı gözəl bir pəri ilə uzaqdan-uzağa olsa da sevgi yaşamışam".
Əlisa Nicatla söhbətə başlayanda çox vaxt ilk sevgisindən danışır. Üstündən 60 il keçməsinə baxmayaraq o sevgilərin bütün ştrixlərini bu gün yaşayır kimi danışır, üzünə xoş təbəssüm qonur. Şərqiyyədən sonra Bakıda daha iki qızı sevir. Bu da bir taledir. Əlisa Nicata bu sevgilərdən ancaq xatirə qalır. Bundan sonra yazıçını həyata bağlayan əsas iş oxumaq və yazmaq olur. Onu sevdiyi qadınlar xoşbəxt edə bilməsə də, kitablardan bu xoşbəxtliyi ala bilir.
"Dəryada qaldım belə. Heç nə yox idi. Elə bil gəmi batmışdı, amma taxta da yox idi. "Titanik" batanda insanlar bir yolla xilas olmağa çalışır. Robinzon Kruzo. Gəmi batır, taxtadan yapışır, çıxır sahilə. Amma məndə heç nə yox idi".
Bütün varlığını yaradıcılığa həsr edən Əlisa Nicat 50 cildlik əsərlərin müəllifidir. Çoxlarının oxuduğu "Qızılbaşlar" tarixi romanı, "Mələklər və iblislər", "Tarixin qürubu", "Ehram", "Artakserks və Midiya türkləri", "Tiranlar və kölələr", "Qızıl fəlsəfə", "Ruhların söhbəti”, "Nağıllara dönən tarix", "Tarixin sübh çağı", "Dünya sərkərdələri", "Dünya fəlsəfi irsindən yarpaqlar", "Müdriklik məbədi" kimi tarixi, bədii, fəlsəfi əsərlərlə, publisistik məqalələrlə adını əbədiyyətə həkk etdirib. Əlisa Nicat eyni zamanda başqa dillərdən tərcümələr də edib. Artur Qobinonun "Şamaxı rəqqasəsi", Kamyunun "Yad", Plutarxın "Makedoniyalı İsgəndər", Məhəmməd Tahirin "Şeyx Şamil", Priskin "Attilanı necə gördüm", Nitşenin "Zərdüşt belə dedi" əsərlərini onun əməyi sayəsində Azərbaycan türkcəsində oxumaq olar.
"Heynenin bir şeiri var. Bəşəriyyət içində, bu qədər odda-alovda yüz dəfə məhv olmuşdum. Amma bir nəfər qoymurdu, elə hey əlimdən tuturdu. Kimdir bu adam? Əlbəttə "Mən" özüm. Bax bu cür gəlib 80-ə çatdıq. Yazıçının ən böyük arzusu külliyyatının çap olunmasıdır. O çap olunur az tirajla da olsa".
"Azərbaycan hökmdarı! Şah İsmayıl! Böyük imperiya! Müharibə dövründə icazə verilirdi. Ayrı vaxtı adını çəkməyə qoymurdular. Amma müharibə vaxtı xalqın milli ruhu oyansın deyə, səfərbərlik üçün bu mövzularda yazmağa imkan verilirdi. Ağlıma gəldi ki, bizim də böyük dövlətimiz olub, imperiyamız olub. Amma çox-çox sonralar yazmağa başladım qızılbaşları. 59-cu ildə başladım".
"O ki hansı qəhrəmandan yazırsan, onun içində olursan, ona çevrilirsən. Bir dəfə gəldim işə, dedim ki, uşaqlar sən demə mən Mirzə Şəfiyəm. Təzədən dünyaya gəlmişəm. Bunlar güldülər. Dedim, vallah Mirzə Şəfiyəm. Oyandım yuxudan, özümü belə gördüm".
Əlisa Nicat deyir ki, "Dərvişin xatirələri" povesti onun həyatına çox təsir edir. Qəhrəmanın insan taleyini öyrənməsini, gələcəyi görməsini bir müddət özü də yaşayıb.
"Özüm də insanların üzünə baxırdım. 30-40 il əvvəl xiromantiya ilə maraqlanmışdım. Əl xətləri ilə bilirdim insanın taleyi necə olacaq, filan. Sonra baxdım yaxın insanlara. Gördüm bəzilərini pis göstərir. Sonra o işi tərgitdim. Ya gərək yalan deyəsən, ya da... Düz də demək olmur".
İnsanın xislətinin bütün çalarlarını əsərlərində bir başa, ya da dolayı yolla göstərən filosof insanı bu cür izah edir.
"Əvvəla, valideynlər. Həm də tək ata-ana yox. Nitsşe deyir, gəlir, səndən sonra düzülüb yüzlərlə. O sıra genlərdir. Yeri gəlmişkən, çoxlarının bilmədiyi bir məsələ var. İnsan yuxularda uçur. Bu niyə belədir? Niyə uçur axı insan? İnsan uçub bir vaxt. Min illərlə insanlar uçublar. O genlərdə qalıb. Kodda qalıb. Ona görə yuxuda qayıdır. Uçur. Xüsusi ilə uşaqlıqda. İkincisi, ətraf mühit necə tələb edir, adamlar ona oxşayır. Həzrət Əli deyir ki, insanlar valideynlərindən çox zamana oxşayır. Yəni dövr necədir, hamı ona oxşayır".
"Oxuya bilənlərə! Oxu, ləzzət al! bütün sahələrdə. Başqa nə xoşbəxtlik ola bilər!? Yemək-içməkdir da, başqa nə var?! Yemək-içməklə heyvan da məşğuldur. İnsanı fərqləndirən, yüksəldən oxumaqdır".