Süfrə arxasında dava: 42 yaşlı kişi bıçaqlandı
Şəkidə 42 yaşlı kişi qonşusunun oğlu tərəfindən bıçaqlanıb. Şəki rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, avqustun 10-da saat 02.00 radələrində rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Mais Hüseyn oğlu Tahirov sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş, lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub.
Araşdırmalar nəticəsində məlum olub ki, M. Tahirov kəndin ərazisindəki yeməkxanaların birində qonşusu ilə yemək yeyərkən aralarında düşən mübahisə zəminində qonşusunun oğlu tərəfindən bıçaqlanıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumatda Mais Tahirovun bıçaqlanması faktı təsdiqlənib. Hadisəni törədən şəxsin isə qaçıb gizləndiyi və onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərinin aparıldığı bildirilir.