70 günə 3 min kilometr qət edən Mingəçevirli velosipedçi - HƏDƏF ÇİNDİR
Mingəçevir sakini olan 68 yaşlı təqaüdçü velosipedlə 3000 kilometr məsafəni 70 günə qət edib. APA TV-nin yerli bürosunun xəbərinə görə, 1948-ci il təvəllüdlü Abid İsmayılov Mingəçevir-Rusya-Gürcüstan marşurutu üzrə velosipedlə dünya turuna çıxıb. Təqaüdçü olan keçmiş pedaqoq Abid İsmayılov artıq ənənəvi olaraq 3-cü ildir ki, öz velosipedi ilə səyahətə çıxır. Xüsusi çadır və zəruri vasitələrini özü ilə aparan həvəskar veolsipedçi 70 gün əvvəl, yəni mayın 29-da Mingəçevirdən velosipedlə səyahətə başlayıb. O, Quba rayonunda Samur keçid məntəqəsindən Dağıstana keçib. Dərbənd və Mahaçqala şəhərlərini keçərək Çeçenistan, İnquşetiya ərazilərində olub. O, marşrutla hərəkət edərək Krasnodar, Novorossiysk şəhərlərini keçərək, Soçiyə çatıb. Oradan gəmi vasitəsi ilə Gürcüstanın Batumi şəhərinə gedib. Abid İsmayılov Gürcüstanın bir neçə şəhərindən keçərək Vətənə qayıdıb.
O, 70 gün ərzində velosipedlə 3000 kilometr məsafə qət edib. Abid İsmayılovun sözlərinə görə, səyahət zamanı maraqlı hadisələrlə qarşılaşıb. Dərbənd şəhərində Yevlaxdan olan qaraçılarla qarşılaşıb, Soçidən gəmi ilə Batumiyə keçəndən sonra 1 nəfər ondan velosipedini istəyib, o da velosipedini ona satıb. O, sonra Batumidə özünə yeni velosiped alaraq yoluna davam edib. Yol boyu onu hər kəs yaxşı qarşılayıb, qonaq dəvət ediblər.
Qeyd edək ki, Abid İsmayılov bundan əvvəlki illərdə Türkiyə və İrana veloturist kimi səyahət edib. Maraqlısı odur ki, uşaqlıqda və gənc yaşlarında velosipedi olmayan Abid İsmayılovun heç onu sürməyə də həvəsi olmayıb. O, cəmi bir neçə ildir ki, velosiped sürməyi öyrənib. Abid İsmayılov sağlam həyat tərzinin və idmanın insan həyatı üçün vacibliyini əsas tutur. O, gələcəkdə səyahətinin məsafəsini artırmağı düşünür. Ahıl yaşında olmasına baxmayaraq, özünü gənclərdən seçməyən bu gülərüz insan növbəti dəfə hətta Çin səddinədək getməyi düşünür.