Prezident İlham Əliyev Qəbələdə səfərdə olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonunda səfərdə olub.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidənin ətrafında, ümumiyyətlə, son illər rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.
Prezident İlham Əliyev Qəbələdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak edib.
Məlumat verilib ki, Qəbələ rayonunda 24 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 860 uşaq təhsil alır. Rayonun tələbatını nəzərə alaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yerlik daha bir yeni məktəbəqədər təhsil müəssisəsi inşa olunub.
Sahəsi 3300 kvadratmetr olan ikimərtəbəli binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Qrup otaqlarında uşaqların təlim-tərbiyəsi, yataq otaqlarında isə balacaların rahatlığı üçün hər cür şərait var. Bağçada əyləncə, idman və oyun zonası, musiqi otağı, digər təlim və tədris məkanları da yaradılıb.
Prezident Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının yeni inzibati binasının da açılışında iştirak edib.
Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri yüksək səviyyədə başa çatdırılıb.
Müxtəlif iş, xidməti və yardımçı otaqlardan ibarət ikimərtəbəli binada rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi də fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün 60 yerlik konfrans zalı da yaradılıb.
Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının 6145 üzvü var. Onların 2525-i qadın, 2343-ü gəncdir.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə tanış olub.
Layihələrin təqdimatı zamanı dövlət başçısına məlumat verilib ki, “Şinkar Holdinq” MMC tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” otelinin inşası həyata keçirilir.
Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Hovuzların ümumi su tutumu 5 min 470 kubmetr olacaq. Bundan əlavə, ərazisi 350 min kvadratmetr olan, “Qəbələnd” əyləncə mərkəzi və “Aqva Lənd” otelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.
“Qəbələ Qolf Villaları” ərazisində 66 villa inşa edilib. Ərazidə üçmərtəbəli, 24 mənzilli iki bina, SPA və əyləncə mərkəzi, uşaq bağçası da var. Layihənin əsas özəlliyi ərazidə qolf sahələrinin olmasıdır. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.
Prezident İlham Əliyev “Qəbələ” Park-Bulvar Kompleksinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, kompleksin inşasına 2013-cü ilin may ayında başlanılıb və bu il başa çatdırılıb. Rayonun daxili imkanları hesabına salınan kompleksin ümumi sahəsi 10 hektardır. Qəbələ şəhərinin ərazisindən keçən, meşə sularından qidalanan Qaraçay çayının hər iki sahilində salınmış parkın ərazisində səkkiz körpü tikilib, doqquz fəvvarə, uşaqlar üçün karusel quraşdırılıb. Geniş yaşıllaşdırma işlərinin görüldüyü ərazidə müxtəlif sosial obyektlər, yay kafesi, çay evi tikilib, 3,5 kilometr uzunluğunda piyada gəzinti zolağı salınıb. Tikinti işləri zamanı çayın ətrafı da genişləndirilib, yollarda yeraltı keçidlər, hər biri 500 kubmetr su tutumu olan 41 pilləvari su hövzəsi inşa olunub. Hazırda hövzələrə gələn suyun təmizlənməsi üçün altı kameralı sutəmizləyici qurğu və çay kənarında üçmərtəbəli restoran inşa edilir. 350 qonaq üçün nəzərdə tutulan restoran açıq zallardan ibarət olacaq. Ərazidə avtomobil dayanacağı üçün xüsusi sahə ayrılıb.
“Qafqaz Tufandağ Mountain Resort” otelinin də açılışı olub. Qəbələnin əsas turizm infrastrukturu obyektləri sırasında xüsusi özəlliyi ilə seçilən bu otelin inşası 2014-2016-cı illərdə həyata keçirilib. Ərazisi 4 hektar olan otelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 otaq, o cümlədən 23 standart, 12 ailəvi, 14 junior suite, 1 kral nömrəsi yerləşir. Bununla yanaşı, ərazidə 3 kottec də yaradılıb. Oteldə 100 nəfərlik kafe-bar, 400 nəfərlik kafe, 500 nəfərlik steak və şərab evi, 200 nəfərlik “Duruca” yeməkxanası, 500 nəfərlik “Qəbələ” kafesi fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş imkanlar var. Ümumi sahəsi 560 kvadratmetr olan SPA və idman mərkəzində zəruri avadanlıqlar quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.
Oteldə uşaqlar üçün ayrıca yeməkxana və oyun zalı yaradılıb. “Qafqaz Tufandağ Mountain Resort”da sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu eskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə oteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır. Otel kompleksində 250 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun əsaslı təmirdən sonra açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 52-ci kilometrliyindən ayrılan yerli əhəmiyyətli yoldur. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan və iki hərəkət zolağından ibarət olan yolun uzunluğu 12,2 kilometr, eni 6 metrdir. Torpaq yatağının eni isə ərazilərdən asılı olaraq 8-10 metr arası dəyişir. Yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yenidən kipləşdirilib və yola yeni asfalt-beton örtüyü döşənib. Səth sularının avtomobil yolunun altından ötürülməsi üçün nəzərdə tutulmuş və dağılmış suötürücü borular yeniləri ilə əvəz edilib, yeni su keçidləri inşa olunub.
Ümumilikdə uzunluğu 113 metr olan 12 suötürücü boru tikilib və təmir olunub. Yolun Tüntül kəndi ərazisində dəmir-beton körpü inşa edilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə avtobus dayanacaqları tikilib, yol nişanları quraşdırılıb, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri həyata keçirilib.
Bu yol Qəbələ rayonunun 3 yaşayış məntəqəsinin 7 min nəfərə yaxın əhalisinin gediş-gəlişini xeyli asanlaşdırmaqla yanaşı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yoluna maneəsiz çıxışı təmin edir, həmçinin kənd təsərrüfatı məhsullarının rahat şəkildə rayon mərkəzlərinə çıxarılmasına imkan yaradır.
Qəbələyə səfəri çərçivəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasında yaradılan xidmət və məişət şəraiti ilə tanış olub.
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.
Bildirilib ki, sərhəd zastavası Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi olan Bazardüzü istiqamətində fəaliyyət göstərir və dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşir. Zastavanın mürəkkəb relyefə və soyuq iqlim şəraitinə malik xidməti ərazisində dövlət sərhədlərimizin mühafizəsi yüksək səviyyədə təşkil edilib.
Bildirilib ki, dövlət sərhədinin dağlıq ərazidə və səhra şəraitində etibarlı mühafizəsini təşkil etmək üçün lazım olan müvafiq texniki vasitələr, müasir avadanlıqlar və silahlar alınaraq zastavada yerləşdirilib. Xidmətin yüksək səviyyədə aparılması üçün sərhədçilər Qarabağ atları ilə və xüsusi təlim keçmiş itlərlə təmin olunublar.
Yeni layihə üzrə tikilmiş sərhəd zastavasında xidmətin və yaşayışın yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb, müasir tələblərə cavab verən əsgər yataqxanası, yeməkxana, istirahət guşəsi, idman zalı, təlim şəhərciyi, müasir tələblərə cavab verən xüsusi təyinatlı binalar inşa olunub. Zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ailələri üçün 22 mənzilli yaşayış binası tikilib.
Ərazidə abadlaşdırma işləri görülüb, yüksək zirvələrdə olan bulaqlardan çəkilmiş su xətti hesabına zastava içməli su ilə təmin edilib.