Prezident İlham Əliyev İsmayıllı rayonuna səfər edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Qəbələyə səfərini başa çatdıraraq İsmayıllı rayonuna gedib.
Dövlət başçısı əvvəlcə Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Prezident İlham Əliyevə Heydər Əliyevin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri, həmçinin son dövrdə rayonda görülən işlər və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib.
Prezident İlham Əliyev “İsmayıllı-2” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiyanın texniki göstəriciləri barədə məlumat verib.
Prezident İlham Əliyev su elektrik stansiyasını işə salıb.
Ümumi layihə gücü 1,6 meqavat olan stansiyanın əsas komponentləri suqəbuledici, hər birinin uzunluğu 2115 metr, diametri 800 millimetr olan üç boru, stansiyanın binası, nəzarət, mühafizə, idarəetmə və uçot sistemləri, ümumi layihə gücü 1,6 meqavatlıq üç hidroturbin və üç hidrogenerator, 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərindən ibarətdir.
Diqqətə çatdırılıb ki, “İsmayıllı-1” Su Elektrik Stansiyasının aşağı byefindən çıxan təmizlənmiş su “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq. Beləliklə, İsmayıllı su elektrik stansiyası ümumi gücü 3,2 meqavat olan su elektrik stansiyaları silsiləsini təşkil edəcək.
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllıda əsaslı şəkildə yenidən qurulan körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, əvvəlki illərdə iki qrupla fəaliyyət göstərmiş uşaq bağçasının Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulmasına 2015-ci ilin əvvəlindən başlanılıb. Hazırda uşaq bağçası beş qrupluq yeni məktəbəqədər təhsil müəssisəsinə çevrilib. Əsaslı təmir işlərindən sonra körpələr evi-uşaq bağçasında şərait müasir səviyyəyə çatdırılıb.
Azərbaycan Prezidenti əsaslı şəkildə yenidən qurulan Qaraməryəm-İsmayıllı avtomobil yolunun açılışında iştirak edib.
Məlumat verilib ki, üçüncü texniki dərəcəli avtomobil yolunun hərəkət hissəsinin eni 6 metr idi. Uzunluğu 28 kilometr olan yolun yenidənqurmadan sonra hərəkət hissəsinin eni 7 metrə qədər genişləndirilib, dağılmış suötürücü borular bərpa edilib, köhnələri isə yenilənib.
Yolun ikinci kilometrliyində Mehmanlı çayı üzərində qəzalı vəziyyətə düşmüş körpünün də inşası aparılıb. Daha bir körpü Kürdmaşı çayı üzərində tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol nişanı və məlumatverici tablolar quraşdırılıb, 12 yeni avtobus dayanacağı inşa edilib.
Diqqətə çatdırılıb ki, yolun əsaslı şəkildə təmir olunması İsmayıllı və Göyçay rayonlarının 30-dan çox yaşayış məntəqəsinin 27 mindən artıq əhalisinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bundan başqa, Bakı-Şamaxı-Yevlax, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarına maneəsiz şəkildə çıxışı təmin edəcək və regionun turizm sektoruna müsbət təsir göstərəcək.
Prezident İlham Əliyev İsmayıllı rayonundakı Olimpiya İdman Kompleksində əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Kompleksdə əsaslı təmir işlərinə dövlət başçısının tapşırıqlarına əsasən, 2015-ci ilin martından başlanmışdı. Ərazisi 7,5 hektar olan kompleksin həyətində 936 yerlik süni örtüklü futbol meydançası, tennis kortu, ikimərtəbəli dörd yerlik üç kottec, basketbol və voleybol meydançaları inşa olunub.
Kompleksin 510 yerlik əsas idman zalı müasir avadanlıqla təchiz edilib.
Burada müxtəlif yerli və beynəlxalq əhəmiyyətli yarışları yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Kompleksin üzgüçülük hovuzu da müasir səviyyəyə çatdırılıb. İkimərtəbəli əsas binada soyunub-geyinmə otaqları, mini futbol meydançası, müxtəlif tədbirlərin keçirilməsi üçün zal və digər inzibati otaqlar da var.
İsmayıllı rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak edib.
Dövlət başçısına məlumat verilib ki, İsmayıllı şəhərindən 6 kilometr məsafədə yerləşən Diyallı kəndi ərazisində inşa olunmuş bu istehsal müəssisəsinin layihəsi Bolqarıstanın Sofiya velosiped zavodu ilə əməkdaşlıq çərçivəsində icra olunub.
Müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib. Zavodun istehsal gücü ildə 20-30 min velosipeddir. Burada 5 növdə velosipedin istehsalı nəzərdə tutulur.
Müəssisədə ilkin mərhələdə 60 işçi çalışacaq. Gələcəkdə zavodun fəaliyyətinin genişləndirilməsi ilə işçilərin sayının artacağı nəzərdə tutulur.
Zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək.
Müəssisənin ərazisində müasir velotrek meydançası da yaradılıb. Üç hektar sahəsi olan velotrekdə idman yarışlarının keçirilməsi üçün hər cür şərait var.
Prezident İlham Əliyev müəssisəni işə salıb və zavodun istehsal etdiyi velosipedi sınaqdan keçirib.
Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri və zavodun kollektivi ilə görüşüb. Son vaxtlar Azərbaycana gələn turistlərin sayının böyük dərəcədə artdığını deyən prezident İlham Əliyev xüsusilə şimal-qərb zonasına turistlərin axınının müşahidə olunduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, Şamaxıdan Balakənə qədər olan bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir.