İkinci çevriliş planı başladı: Türkiyədə silsilə terror aktları törədilir
Türkiyədə iki terror aktı baş verib. APA TV-nin məlumatına görə, Mardin və Diyarbəkirdə polis mikroavtobuslarına hücum nəticəsində 8 nəfər şəhid olub, 32 nəfər yaralanıb.
Mardinin Qızıltəpə qəsəbəsində polis mikroavtobusu keçərkən PKK terrorçuları yolun kənarında dayanmış avtomobili partladıblar. Rəsmi məlumatlara görə, terror hücumu nəticəsində 1 polis əməkdaşı və 2 mülki şəxs həlak olub, 5 nəfəri polis olmaqla 20 nəfər yaralanıb.
Diyarbəkirin Sur qəsəbəsində də PKK terrorçuları partlayıcı quraşdırılmış avtomobillə polis mikroavtobusuna hücum ediblər. Hadisə nəticəsində eyni ailədən 5 nəfər həlak olub, 12 nəfər isə yaralanıb. Həlak olan ailə üzvlərindən ikisi uşaqdır.
Terror aktından sonra bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb. Əməliyyata havadan da dəstək verilir.