24 yaşlı qız: "İşarə etdim ki, qışqırmayacağam, burax məni" - BASQIN
Cəlilabadda evə basqın olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Babək küçəsində qeydə alınıb. Naməlum şəxs ev sakini, 24 yaşlı Zeynəb Eyvazovanın tək olmasından istifadə edərək evə girməyə cəhd göstərib. O, əvvəlcə evə çəkilmiş elektrik naqillərini kəsib. Enerji verilişinin dayandırıldığını zənn edən Zeynəb sayğacı yoxlamaq üçün bayıra çıxıb. Bu zaman o, evin tavanından hərəkət edən naməlum şəxsin xəlvəti küçəyə tullandığını görüb. Səhər açılandan sonra Zeynəb Eyvazova işə getməyə hazırlaşıb. O, qapını açaraq küçəyə çıxmaq istərkən həmin an peyda olan naməlum şəxs əli ilə onun ağzını tutub.
"Qapını açan kimi bir əli ilə ağzımdan, digər əli ilə boğazımdan yapışdı. Çırpdı məni qapının üstünə. Sonra yıxdı məni, boğazımdan yapışıb sıxmağa başladı. İşarə ilə bildirdim ki, qışqırmayacağam, amma məni burax..."
Zeynəb Eyvazovanın qışqırdığını görən naməlum şəxs qızı rahat buraxaraq tez aradan çıxıb.
Artıq faktla bağlı Cəlilabad Rayon Polisi Şöbəsinə də məlumat verilib. Evə basqın etmiş şəxsin tapılması istiqamətində zəruri axtarış tədbirləri davam etdirilir.