Rusiya terror aktı -XƏSARƏT ALANLAR ARASINDA AZƏRBAYCANLI DA VAR

Rusiyanın Volqoqrad şəhərində törədilən terror aktı nəticəsində yaralananlar arasında azərbaycanlı da olub. APA TV-nin xəbərinə görə, bu barədə məlumat Volqoqrad vilayəti qubernatoru və hökumətinin rəsmi internet səhifəsində yer alıb.

 

Saytda 28 yaralının adı yerləşdirilib. Yaralılar arasında milliyyətcə azərbaycanlı, 1997-ci il təvəllüdlü Əliyev Nail Naib oğlunun olduğu bildirilir.

 

Terror aktını törətməkdə şübhəli bilinən qadınla da bağlı yeni məlumatlar üzə çıxıb. Dağıstanın hüquq-mühafizə orqanlarının məlumatına görə, Mahaçqala sakini Naida Asiyalovanın adı heç bir cinayət işində keçmir və axtarışda olmayıb. Lakin onun gizli silahlı dəstələrlə əlaqələrinin olduğu barədə hökumət qurumlarında məlumat var imiş.

 

Naidə Asiyalovanın əri Dmitri Sokolov da silahlı birləşmələrdə iştirakına görə axtarışdadır. Asiyalova və Sokolov Moskvada tanış olublar və valideynlərindən xəbərsiz evləniblər. Sokolov İslam dinini qəbul edib və Dağıstana köçüb. Hazırda o, Mahaçqaladakı silahlı birləşmənin ən fəal iştirakçılarından biridir. Rusiyadakı bir neçə terror aktının törədilməsi üçün partlayıcıları məhz onun hazırladığı bildirilir.

 

Volqoqrad vilayətinin qubernatorunun köməkçisi Yekaterina Qolod deyib ki, avtobusda partlayış intiharçı-terrorçu mindikdən bir neçə dəqiqə sonra baş verib.

 

Rusiya prezidenti Vladimir Putin Volqoqraddakı terror aktının qurbanlarının yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, Rusiyanın Volqoqrad şəhərində avtobus partladılıb. Hadisə nəticəsində terrorçu daxil olmaqla 7 nəfər ölüb, 33 adam yaralanıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv