Qafqazın ən qədim məbədi Cəlilabadda aşkarlandı
Cəlilabad rayonunun Güllütəpə kəndinin ərazisində yerləşən Polutəpə qədim yaşayş məskənində Qafqazın ən qədim dini məbədi aşkarlanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-Neolit Ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tufan Axundovun başçılıq etdiyi qrup tərəfindən sözü gedən ərazidə aparılan qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən Neolit dövrünə aid olan xeyli sayda bəzək və məişət əşyası, eləcə də əmək alətləri tapılıb. Son qazıntılar zamanı isə arxeoloqlar nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk dəfə rast gəlinən qədim dini məbədin izinə düşüblər.
"Hər il buradan yeni tapıntılar aşkarlanır. Lakin builki tapıntıya ilk dəfədir rast gəlinir. Bu, əhalinin məbəd yeridir".
Qədim ibadətgahın mərkəzində dərin çalanın içərisində böyük küp yerləşib. Küpün daxili isə kül ilə doldurulub. Arxeoloji ekspedisiyanın rəhbəri Tufan Axundovun qənaətincə, kül qalıqları burada dini ayınlərin icra olunması zamanı istifadə olunan odun qalıqlarından ibarətdir.
Qazıntıların nəticəsi olaraq ərazidə məbəddən əlavə, biri uşaq olmaqla iki insan qəbri də aşkar olunub.
Qeyd edək ki, 6 hektarlıq ərazini əhatə edən Polutəpə qədim yaşayış məskənində 6-cı mövsümdür ki, arxeoloji qazıntı işləri davam etdirilir. Toplanmış nümunələr AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılacaq.