Gəncə və Şəkinin DAŞINMAZ ƏMLAK XƏRİTƏSİ hazırlanacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsinin ictimai təqdimatı keçirilib. APA-TV-nın qərb bürosunun verdiyi məlumata görə tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi Aparatının, regional idarələrinin və tabeli qurumlarının, Gəncə şəhər İcra Hakimiyyətinin, bələdiyyələrin, yerli təşkilatların nümayəndələri və daşınmaz əmlakla bağlı maraqlı tərəflər iştirak edib. Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev Təqdimat mərasimində bildirilib ki, layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Layihənin əsası hədəfi layihə ərazisində daşınmaz əmlakın kadastrı işlərinin inkişafının təmin edilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətlərin səviyyəsinin yüksəldilməsidir. Məlumata görə “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi Azərbaycan hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə əməkdaşlığı haqqında sazişə əsasən, Almaniya bankının maliyyə dəstəyi ilə həyata keçirilir.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev yeni layihənin Gəncə uçun çox əhəmiyyətli olduğunu bildirib. O, Almaniya hökuməti ilə birgə şəhərdə bir neçə layihənin həyata keçirildiyi bildirilib.

Tədbirdə, həmçinin Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsini əhatə edən hazırkı layihənin başlıca məqsədləri və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, layihə çərçivəsində Gəncə və Şəki şəhərlərinin bütün ərazisinin mükəmməl rəqəmsal kadastr xəritələri və elektron kadastr məlumat bazası yaradılacaq. Bu isə Gəncə və Şəki əhalisi üçün özəlləşdirilmiş torpaq və daşınmaz əmlakdan səmərəli istifadə etmək imkanını yaradacaq, daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırılmasını təmin edəcək. 

 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli