Rio-2016: Yenə gümüş: Elmar Qasımov finalda uduzdu
Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo üzrə yarışlar davam edir. APA TV-nin məlumatına görə, Azərbaycan yığmasının üzvü Elmar Qasımov da mötəbər turnirdə çıxışını uğurla başa vurub. Yarımfinala yüksələn təmsilçimizin finala çıxmaq uğrunda mübarizədə rəqibi ukraynalı Artyom Bloşenko olub. Elmar bu rəqibini də ipponla mübarizədən kənarlaşdıraraq finala yüksəlib. Bununla da o, Azərbaycan yığmasının Olimpiadada ikinci medalını qazanmasını təmin edib.
İdmançımız finalda çexiyalı Lukas Krpaleklə mübarizə aparıb. Final görüşü olduqca gərgin keçib. 4 dəqiqə 35 saniyə davam edən mübarizədə rəqibinə ipponla məğlub olan Qasımov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan Rioda 6 cüdoçu ilə təmsil olunur. Rüstəm Orucov (73 kq) ölkəmizə gümüş medal qazandırdığı halda, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq) yarışı medalsız başa vurub.