Əhməd Zəki Üçok: "Ordunu FETÖ-yə təslim edən Necdet Özəl cəhənnəm odunda yanacaq"

"Türkiyə Silahlı Qüvvələrində FETÖ ilə mübarizə aparılmamasının səbəbini müxtəlif bəhanələrlə izah edirlər. Bu prosesində bir nömrəli kor komandanı Necdet Özəldir. Çünki ordu tarixinin ən biabırçı dövrü onun Baş Qərargah rəisi olduğu zamana təsadüf edir. Necdet Özəl Ali Hərbi Şurada bir çox təriqətçi, fətullahçı olmayan general və admiralları ordudan uzaqlaşdırdı". Bu fikirləri Türkiyə Hərbi Hava Qüvvələrində baş prokuror vəzifəsində çalışmış, "Ergenekon" işindən həbsdə yatmış polkovnik Əhməd Zəki Üçok deyib.

 

O, Necdet Özəlin Baş Qərargah rəisi olduğu dövrdə 61 general və admiralın təqaüdə göndərildiyini, FETÖ üzvü olanların rütbəsinin artırılaraq boşalan yerlərə təyin edildiyini  xatırladıb: "15 iyul silahlı çevriliş cəhdindən sonra tutulan, FETÖ üzvü olduğu iddia edilən general-mayor və general-leytenantların 70 faizi Özəlin dövründə bu rütbələri alıblar. Baş Qərargah rəisi olduğu ilk ildə FETÖ üzvü olmadığı 100 faiz məlum olan generallardan 12 nəfəri, ikinci il 37 nəfəri, üçüncü il isə 11 nəfəri ordudan uzaqlaşdırdı. Yəni, bir tərəfdən fətullahçılara general rütbəsi verir, digər tərəfdən fetullahçı olmayanları ordudan uzaqlaşdırır".

 

Əhməd Zəki Üçok bildirib ki, Necdet Özəllə bağlı təhqiqat aparılması vacibdir: "Əgər 15 iyulda hərbi çevrilişə cəhd edən generalların 70 faizi bu rütbəni sənin vaxtında alıbsa, deməli, sən ordunun başında olmağa, komandanlıq etməyə layiq deyilsən".

 

Sabiq hərbi prokuror Türkiyə Silahlı Qüvvələrinin keçmiş baş Qərargah rəisi İşık Koşaneri nümunə göstərib: "General və admiral rütbəsinə təqdimatları, ordudan tərxis olunacaq generalların siyahısını Baş Qərargah hazırlayır. İşık Koşaner açıq şəkildə bəyan etdi ki, Balyoz işi üzrə mühakimə olunan hərbçiləri ordudan atmayacaq. Dedi, ya hərbçilərimə sahib çıxacaq, ya istefa verəcəyəm. Və istefa verdi. Amma istefa verməməli idi, qalıb mübarizəni davam etdirməliydi. Necdet Özəl isə Balyoz işi üzrə saxta ittihamlarla tutulan hərbçiləri ordudan qovmağa boyun oldu. Özəlin Türkiyə ordusuna etdiyi pisliklər onun cəhənnəm odunda yanmasına artıqlaması ilə kifayət edər". 

Müəllif | Apa.Tv
Apa.tv