Lənkəranda dəhşətli yanğın: 62 yaşlı qadın yanaraq öldü
Lənkəranda ölümlə nəticələnən güclü yanğın hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05.00 radələrində şəhərin Zərifə Əliyeva küçəsi, dalan 2, ev 4 ünvanında Məcid Rüstəm oğlu Nəsirova məxsus evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ümumi sahəsi 108 kvadratmetr olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 90 kvadratmetr olan 4 otaqlı evin dam örtüyü 2 kvadratmetr sahədə yanaraq sıradan çıxıb. Yanğın baş verərkən ev sahibi güclü alovun cəngindən qurtula bilib, lakin onun arvadı, 62 yaşlı Kifayət Sabir qızı Nəsirova isə evdən çıxmağa macal tapmadığından yanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı rayonun müvafiq qurumlarında araşdırma aparılır.