Yeniyetmələr niyə aqressiv olurlar? - ÇIXIŞ YOLLARI

Yeniyetməlik həssas dönəmdir. Bu dönəmə xas olan səciyyəvi xüsusiyyət isə aqressivlikdir. Maraqlıdır ki, yeniyetmələrdə aqressivlik ilk növbədə valideynlərə yönəlir. Özünə qapanan, saatlarla yalnız qalmaq istəyən yeniyetmə ətraf mühitin mənfi təsirləri qarşısında aciz olur. Valideynlərin işi bu baxımdan heç də asan deyil. Çünki ilk növbədə valideyn övladına həssas dönəmi rahat ötürməyə köməklik etməlidir.

 

Psixoloq Elnur Rüstəmov hesab edir ki, bəzən valideynlər yeniyetmə ilə davrana bilmirlər: " Nəticədə problem yaşayırlar. Yeniyetmə evdən uzaqlaşır. Bəzi yeniyetmələr evdən pul götürür, bəziləri söz qaytarır, əl qaldıranlar da var. Görünür ki, ailədaxili münasibətdə problem var. Yeniyetmənin valideyni yaxşı nümunə olmalıdır. Özü etmədiyini tələb etməlidir, etdiyini yox. Çünki yeniyetmələr belə şeylərə qarşı həssasdırlar. Uşağı nəyə isə təşviq edirlərsə, nəsihət vermək yox, fikir mübadiləsi aparmaq lazımdır. Yeniyetmə nəsihət verilməsini xoşlamır”.

 

Psixoloqun sözlərinə görə, yeniyetmələrin çevrəsinə diqqət yetirmək valideynin əsas vəzifəsidir: “Yeniyetmələrlə iş prosesində prioritet məqam yeniyetmənin çevrəsi,  zərərli vərdişlərdən uzaq olmasıdır. Çünki bu yeniyetməlik dönəmidir. Zərərli vərdişlərdən uzaq tutulması yaxşı olardı. Biz də görürük ki, bu zərərli vərdişlər çevrə ilə formalaşır. Tutaq ki, yay fəslidir. Yeniyetmə dənizə getmək istəyir. Orada əylənmək istəyir. Alkoqol qəbul etmək istəyir. Əvvəl bu epizodik xarakter alır. Tutaq ki, tədbirdən-tədbirə, dənizdən-dənizə. Sonradan görünür ki, bu, mütəmadi hal alıb. Sonda da asılılıq mərhələsinə keçir. Ona görə də bu məqamda diqqətli olmaq lazımdır. Əgər valideyn yeniyetmədə zərərli vərdişlərə meyllilik görürsə, tədbir görməyi vacib olardı. Yeniyetmə psixoloqa qulaq asır, çünki kənar şəxsdir. Kənar şəxs olanda həm yeniyetmə üçün faydalı olur, həm də ailə üçün”.

 

Elnur Rüstəmov yeniyetmələrə passiv istirahət kimi mütaliə etməyi məsləhət görür. Əgər istirahətdən əlavə zamanı dəyərləndirməkdən söhbət gedirsə, uyğun iş imkanlarından istifadə etmək olar.

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv