Fermada yanğın: 200 ton ot külə döndü, heyvanlar diri-diri yandı

Zaqatalada fermada yanğın olub. APA TV-nin  məlumatına görə, yanğın avqustun 11-də saat 16.00 radələrində rayonun Əliabad qəsəbəsinin inzibati ərazisində inşa edilmiş, sahibkar Sayad Musa oğlu Qocayevə məxsus fermada ümumi sahəsi 2140 kv/m olan mal damında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində mal damının 1150 kv/m sahəsinin yanar konstruksiyaları və damın içərisinə yığılmış 10 min ədəd quru ot bağlaması (200 tona yaxın  ot kütləsi) yanaraq yararsız hala düşüb, bir baş iribuynuzlu heyvan tələf olub, doqquz baş iribuynuzlu heyvan isə müxtəlif yanıq xəsarətləri alıb.

Yanğınsöndürənlərin səyi nəticəsində mal damının 990 kv/m-lik sahəsi yanğından mühafizə olunub, 26 baş iribuynuzlu heyvan yanmaqdan xilas edilib.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv