Xanımlar, yayda makiyajdan az istifadə edin! - VİZAJİST MƏSLƏHƏTİ

Hər mövsümdə makiyaj üçün nəzərdə tutulan qaydalarda müəyyən dəyişikliklər baş verir. O cümlədən yayda da. Baxmayaraq ki, ilin isti fəslində makiyajdan istifadə edənlərin sayı azalır.

 

Peşəkar stilist vizajist Səbinə İmanova xanımlara yay mövsümündə makiyajdan  mümkün olduğu qədər az istifadə etməyi məsləhət görür. Çünki günəş şüaları makiyaja əks təsir göstərir. Üzün ayrı-ayrı hissələri ilə bağlı mövsümi dəbə gəldikdə isə, Səbinə xanım ilk növbədə göz makiyajı ilə bağlı məsləhətlərini bölüşüb: “Gözlərdə laynerə üstünlük verilməsə, daha məqsədəuyğun olar. Çünki artıq dağınıq kölgələr və açıq rəngdə - qızılı, qəhvəyi rəngdə çalarlar üstünlük təşkil edir. Yəni yayda təbiilik öndədir. “Smoky eyes” makiyajından da danışmaq istərdim. Xanımlar elə bilirlər ki, bu növ göz makiyajı ancaq qara rənglərdən ibarətdir. Amma belə deyil. Bunu açıq tonlarla da istifadə etmək olar. Yəni göz kölgəsini açıq qəhvəyi, bir balaca tünd qəhvəyi ilə də bu makiyajı etmək olar”.

 

Bəzən xanımlar xırda gözü həcmli göstərmək üçün ağ qələmdən istifadə edirlər. Vizajist bunu düzgün hesab etmir. Nazik qaşlar artıq aktual deyil. Əksinə, qalın qaşlar daha cəlbedici olacaq. Yeri gəlmişkən, son zamanlar qaş üçün qələmdən deyil, xüsusi kölgələrdən istifadə olunması məsləhət görülür. Bəzi ustalar deyirlər ki, guya qələm qaşın tükünü tökür, amma bu fikir kökündən yanlışdır. Səbinə xanım bildirib ki, qaş üçün kölgə təbii görünüş üçündür. Göz makiyajı zamanı qoyma kirpiklər dəbdə olacaq. Əgər kirpik qoyulacaqsa, tuş da çəkilməlidir.

 

Yay mövsümündə tonal krem əvəzinə günəşdən qoruma kremlərindən istifadə olunsa, daha yaxşı olar. Bu halda dəri rahat nəfəs alır: “Üzündə səpkiləri olan xanımlar tonal kremdən daha çox istifadə edirlər. Bunun əvəzinə kosmetoloqa müraciət edib, daxili və xarici problemləri həll etsinlər. Səpkilərin üstünü bağlamaqla problemi həll etmək olmaz”. 

 

Ənlik, kirşandan çox istifadə etmək məsləhət deyil. Şaftalı rəngli ənlik həm təbii görünüş yaradır, həm də aktualdır. Dəbdə olan dodaq boyalarına gəlincə, vizajist qeyd edib ki, tünd dodaq boyaları dəbdədir.

 

Səbinə xanım saç rəngi və kəsimi ilə bağlı məsləhətlərini bölüşüb: “Hər xanımın saçının strukturu və rəngi fərqlidir. Əgər qısa saçlar dəbdədirsə, xanımların saçını kəsdirmələri düzgün deyil, uzun saçlar dəbdədirsə, uzatmaq istəyəcəklər. Bu düzgün deyil. Dəb yaraşandır. Sadəcə, rəng və kəsim baxımından düzəliş etmək olar. Elə xanımlar var ki, üz cizgilərinə tünd rənglər yaraşmır. Əgər rəngi bir az açılsa, üz daha mülayim görünər. Saçların sırf dəb olduğu üçün açıq rəngdə boyanması düzgün deyil. Ümumiyyətlə, açıq rəng yaşı artırır. Bu mövsümün dəbinə gəlincə, qızılı çalarlar dəbdədir. Dəbli xanımlar ambreyə qızılı, qırmızımtıl çalarlar əlavə edə bilərlər”.

 

Çalışın, dəb dalınca qaçmayasınız. Sizə nə yaraşırsınızsa, ona meyl edin. Həmişə gözəllikdə!

 

Müəllif | Apa.Tv
Apa.tv