OPEK-in hasilatı donduracağı xəbəri yayıldı, neft kəskin bahalaşdı

Dünya bazarında neft bahalaşmaqda davam edir. Həftənin son hərraclarında "Brent" markalı neftin qiyməti 47,19 dollar təşkil edib. Bu, həm də son 24 saatın ən yüksək qiymətidir. Qərbi Texas nefti də son həftələrin maksimum qiymətini yeniləyib. Son seanslarda WTİ nefti 44,72 dollardan satılıb.

 

Neftin bahalaşmasına iki amil təsir göstərib. Səudiyyə Ərəbistanının neft naziri Xaled əl-Falihin açıqlamaları OPEK-in qeyri-rəsmi sammitində hasilatın dondurulması qərarının qəbulu ehtimalını artırıb. Bundan başqa Nigeriyanın neft naziri ölkədə hasilatın azaldığını etiraf edib. Nazir bunu üsyançıların neft kəmərlərinə və yataqlara mütəmadi hücumlar etməsi ilə əsaslandırıb. Hər iki açıqlamadan sonra birjalarda neftin qiyməti təxminən 2,5% bahalaşıb. Ümumilikdə son bir həftə ərzində "Brent" neftinin bareli 2,75 dollar, Qıerbi Texas neftinin bareli isə 2,72 dollar bahalaşıb. Ekspertlər birjaların gələn həftə keçiriləcək ilk seanslarında neftin bahalaşma tendensiyasını qoruyacağını ehtimal edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv