Hələb bombardman edilir, 100 ölü, 700-dən çox yaralı var
Hələbin bombardman edilməsi nəticəsində həlak olan mülki şəxslərin sayı 100 nəfəri keçib. APA TV-nin məlumatına görə, bombardmanlarda qadın və uşaqlar da daxil olmaqla 700-dən artıq mülki şəxs yaralanıb. Hökumət qüvvələri daha çox müxalifətin ələ keçirdiyi, hərbi məktəblərin yerləşdiyi Əl-Həmədaniyə rayonunu bombardman edirlər.
Dünən Suriya hökuməti silahlı müxalifətin Hələbə gedən yeganə açıq yolu nəzarətə götürmək istədiyi barədə məlumat yayıb. Lakin qarşılıqlı atəşlərdən sonra müxaliflər geri çəkilməli olub. Qeyd olunan yol mülki nəqliyyat vasitələrinin hərəkəti üçün açıq elan edilib. Hələb sakinləri bu dəhlizdən istifadə edərək şəhəri tərk edirlər.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədə sadiq olan qüvvələr ayın 11-dən etibarən Hələb şəhərinə irimiqyaslı hücuma başlayıblar.