Ermənilər təmas xəttində minaya düşən SOYDAŞIMIZIN MEYİTİNİ QAYTARMIR

Ermənistan tərəfi qoşunların təmas xəttində minaya düşərək ölən azərbaycanlının meyitini qaytarmır. Oktyabrın 6-da minaya düşən Qazax rayon sakini Əli Əliyevin meyiti hələ də işğal altındakı ərazidədir.

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, baş vermiş hadisə ilə bağlı komitə hər iki ölkənin rəsmiləri ilə dialoqu davam etdirir və neytral vasitəçi olaraq bu məsələdə öz xidmətlərini təklif edib.

 

Bu il oktyabrın 6-da saat 22.30 radələrində Qazax rayonunun Quşçu Ayrım kənd sakini Vəzir Əliyev, Alpout kənd sakini Xəqani Məhərrəmov və rayon sakini Əli Əliyev itmiş mal-qaralarını axtarmaq məqsədilə işğal olunmuş Aşağı Əksipara kəndinin ərazisinə keçiblər və orada minaya düşüblər.

 

Baş vermiş partlayış nəticəsində Əli Əliyev ölüb və meyiti həmin ərazidə qalıb. Xəsarət alan Xəqani Məhərrəmov və Vəzir Əliyev isə xəstəxanaya yerləşdiriliblər.

Müəllif | Apa.Tv
Elvin Bayramlı