Göyçayda reyd: 70 avtomobil saxlanıldı
Yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Göyçay rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, şəhərin bir neçə küçəsində keçirilən tədbir zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin arxa və yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə 70-dən çox avtomobil saxlanılıb, yol nəqliyyat hadisələrinin baş verməsinə bilavasitə səbəb ola biləcək qayda pozuntuları aşkar edilib. Müxtəlif qayda pozuntularına görə ümumilikdə 25 sürücü barəsində inzibati tədbir görülüb.
Qeyd edək ki, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.