“Çətin olsaydı, karyeramı bitirərdim...” – Elmar Qasımov
Rio-2016 Yay Olimpiya Oyunlarında çıxışı başa vurmuş cüdo yığmamız vətənə dönüb. APA TV-nin məlumatına görə, Heydər Əliyev adına Hava Limanında təşkil olunmuş xüsusi qarşılama mərasimində Cüdo Federasiyasının, Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə yanaşı idmançılarımızın yaxınları və jurnalistlər iştirak ediblər.
Mötəbər turnirdə 100 kq çəki dərəcəsində gümüş medal qazanmış idmançımız Elmar Qasımovun sözlərinə görə, əsas hədəf əyarından asılı olmayaraq, medal qazanmaq olub: “Son on ayda intensiv məşq edirdik. Demək olar ki, evimizə də gedə bilmirdik. Bütün günlərimiz təlim-məşq toplanışlarında keçirdi. Çox sevinirəm ki, çətin məşqlərin bəhrəsi oldu. Olimpiadaya təbii ki, çempion olmağa gedirdik, ancaq ikinci yer də mənim üçün pis deyil. İnşallah, əgər alınsa, növbəti Olimpiya Oyunlarında qızıl üçün şanslarım daha çox olacaq. Mənim üçün əsas hədəf əyarından asılı olmayaraq, medal qazanmaq idi. Ona görə də finala çıxandan sonra bir az boşaldım. Əsas çatışmayan bu oldu. Şükür olsun ki, zədəm yoxdu, yaxşı şərait yaradırlar, biz də çalışırıq ki, tədricən artıraraq yeni uğurlar qazanaq. Mənim üçün uğur qazanmaq asan alınır. Bəlkə də çətin olsaydı, karyeramı bitirərdim, ancaq hər şey qaydasındadır və rahat da güləşirəm”.
"Bizə hazırda 10 gün istirahət veriblər. Ondan sonra yenidən məşqlərə başlayacağıq. Hələ qarşıda çox yarış var”. Bu sözləri cüdo üzrə Azərbaycan yığmasının üzvü Rüstəm Orucov deyib.
Rio-2016 Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində gümüş medal qazanan idmançımız vətənə dönüşdə onları qarşılayan media nümayəndələrinin suallarını cavablandırıb.
Gənc cüdoçumuz gələcək planları haqqında da danışıb: “Bizi qarşıda İslam Oyunları gözləyir. Əsas hədəfimiz orda layiqincə çıxış etməkdir. Rioda ilk 4 mübarizənin hamısında qalib gəldim. Gördüyünüz kimi ən çətin görüşüm yapon cüdoçuya qarşı oldu. Yeganə ona məğlub oldum. Qızıl qazanmaq üçün konkret nə çatışmadığını deyə bilməyəcəm. İnşallah gələn turnirdə o da olacaq”.