Elnur Məmmədli finalçılar haqda: Bir az tez sevindilər

“Bu, ilk idi. İndiyədək Olimpiya Oyunlarında bir qızıl və bir bürünc medal qazansaq da, Rioda iki gümüş medal qazanmağımız ilk dəfə baş verir. Bildiyiniz ki, federasiya, rəhbərlik, məşqçilər, hər şey yenidən formalaşdırılmışdı. 9 ayda - qısa zaman ərzində iki Olimpiya medalı qazanmaq çox böyük nailiyyətdir. İnanıram ki, növbəti Olimpiadada minimum 2-3 “qızıl”ımız olacaq”. APA TV-nin məlumatına görə, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib.

Rio-2016 Yay Olimpiya Oyunlarında çıxışını başa vurmuş cüdo yığmamızın vətənə dönüşü zamanı media nümayəndələrinin suallarını cavablandıran keçmiş Olimpiya çempionu idmançılarımızın çıxışlarını yüksək qiymətləndirib: "Mən özüm bunu çox istəyirəm. Nəinki məni ötmək, məndən dəfələrlə çox medal qazanmalıdırlar. Bu, qətiyyən heç bir qısqanclıq yaratmayacaq. Əgər Azərbaycan bayrağı altında güləşirlərsə və bizim himnimiz səslənirsə, bu, mənim üçün ikiqat ruh yüksəkliyi və sevincdi. Psixoloji cəhətdən problem oldu. Mən belə düşünürəm. Və bir az tez sevindilər, arxayınlaşdılar. İdmandı, hər cür nəticə qazanmaq olar. Gümüş medal da əla nəticədi. Avropa Oyunlarında çox uğursuz çıxış etmişdik. Ancaq yeni rəhbərliklə qısa zamanda 2 medal qazanmaq çox böyük uğurdu. Orxan Səfərov 5-ci, Məmmədəli Mehdiyev 7-ci oldu. Gələn yarışlarımızda hər şey lap yaxşı olacaq".

 

Xanım idmançılarımızın Olimpiadaya gedə bilməməyinə şərh verən Elnur Məmmədli deyib ki, 2020-ci ildə Yaponiyada keçiriləcək olimpiadada xanımların da iştirakına ümid etdiyini vurğulayıb.

 

 

 

Müəllif | Apa.Tv