"Hörmətli sürücülər, sərxoş vəziyyətdə maşın sürməyin" - REYD

Yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Daşkəsən rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən reyd keçirilib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə reyd Daşkəsən-Xoşbulaq avtomobil yolunda təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd istirahətə gedənlərin təhlükəsizliyini təmin etmək və  avtomobillərə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərnişindaşınma qaydalarını pozan, texniki baxışdan keçməyən, sərxoş halda sükan arxasında əyləşən sürücülər müəyyən edərək barələrində müvafiq tədbirlər görmək olub.

 

İnspektor Anar Mirzəyev reydlərin davam edəcəyini bildirib: "Reyd zamanı sərxoş və idarəetmə hüququ olmayan sürücülər aşkar olunursa, əməkdaşlarımız tərəfindən inzibati qaydada tədbirlər görülür. Reydlərimiz davam etdirilir. Sürücülərə tövsiyəmiz odur ki, avtomobillərini sərxoş vəziyyətdə və idarəetmə hüquqları olmadan idarə etməsinlər".

 

Reyd zamanı saxlanılan avtomobillər içərisində 10-a yaxın avtomobilin sürücüsü barədə inzibati tədbir görülüb və onlar cərimələniblər.

 

Rayon ərazisində, bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

 

 

Müəllif | Apa.Tv
Apa.tv