Suriyaya qaçmaq istəyən FETÖ-çü prokuror sərhəddə ələ keçdi
15 iyulda silahlı çevriliş cəhdindən sonra vəzifədən uzaqlaşdırılan və haqqında həbs qətimkan tədbiri seçilən Ərzurum prokuroru Əkrəm Bəyaztaş qanunsuz yolla Suriyaya qaçmaq istəyən zaman saxlanılıb. APA TV-nin məlumatına görə, sərhəd boyunca növbə çəkən əsgərlər Kilis ərazisindən qanunsuz olaraq Suriyaya keçmək istəyən bir nəfəri saxlayıblar. Saxlanan şəxs Jandarma Komandanlığına gətirilib, araşdırma zamanı onun ərzurum prokuroru Əkrəm Bəyaztaş olduğu aydınlaşıb. Prokuror polislərə təhvil verilib, Kilis Valiliyi axtarışda olan prokurorun sərhədi keçmək istəyərkən saxlandığı barədə rəsmi məlumat yayıb.
Qeyd edək ki, 2011-ci ildə gizli çəkilmiş kasetlərlə şantaj olunan MHP millət vəkili İhsan Barutçunun işində Ərzurum prokuroru Əkrəm Bəyaztaşın da adı hallanıb. Prokurorun kaset iddiası ortaya çıxmazdan əvvəl millət vəkilinin telefonlarını dinləmək göstərişi verdiyi iddia olunurdu.