"VAZ-2106" körpüdən çaya düşdü, SÜRÜCÜ BOĞULUB ÖLDÜ

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, Üzümlü kəndinin sahə baytar həkimi, 54 yaşlı Xəlil Məmmədov idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə Cəlayır kəndinə, evinə qayıdarkən Əyriçay çayının üstündəki körpüdə idarəetməni itirərək çaya düşüb. 5 metrə yaxın hündürlükdən düşən maşını su axarı ilə 50 metr uzağa aparıb. Yük yerində bir neçə dolu buğda kisəsi olan maşın nisbətən dayaz yerdə çayın dibinə ilişərək dayanıb. Xeyli dərinliyi olan suda maşından çıxa bilməyən 54 yaşlı Xəlil Məmmədov isə boğularaq ölüb.

 

Xəlil Məmmədovun evinə gəlməməsindən narahat olan ailə üzvləri telefonla qonşu kəndlə əlaqə saxlayıblar. Məlum olub ki, o, qonşu kənddən çoxdan çıxıb. Kənd sakinləri axtarışa çıxıblar və maşınını çayın içində tapan kimi dərhal Qax Rayon Polis Şöbəsinə xəbər veriblər. Hadisə yerinə polis, yol patrul xidmətinin əməkdaşları və Fövqəladə Hallar Naziriliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin "Aran" dalğıc axtarış qrupu cəlb olunub. Əvvəlcə mərhumun cəsədi sudan çıxarılaraq aidiyyatı orqanlara təhvil verilib. Sonra isə hadisə yerinə cəlb olunmuş qaldırıcı kran vasitəsi ilə avtomobil sudan çıxarılıb.

 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov