Azərbaycanda əcnəbi futbolçu məşq zamanı öldü
“Zaqatala” futbol klubunun əcnəbi oyunçusu məşq zamanı ölüb. APA TV-nin məlumatına görə, avqustun 15-də axşam saat 19.30 radələrində Zaqatala stadionunda “Zaqatala” futbol klubunun Nigeriyadan olan oyunçusu Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.
Futbolçunun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb.
“Zaqatala” futbol klubunun məşqçisi Şaban Şirdanov hadisənin təfərrüatlarını açıqlayıb: “Güclü futbolçumuz, yaxın dostumuz idi. Adi məşq gedirdi. 5 dəqiqə əvvəl deyib gülə-gülə su fasiləsi verdik. Hər şey qaydasında idi. Hava da sərin idi, isti deyildi. Biz eşitmişdik ki, futbolda futbolçu durduğu yerdə yıxılır. Bunun əlamətləri oldu. Toqquşma olmadı. Birdən-birə ayaqları bir-birinə dolaşdı, yıxıldı”.
Zaqatala Mərkəzi Xəstəxanasından bildirilib ki, ilkin müayinə zamanı futbolçunun ölümünə ürəyində trombun qırılmasının səbəb olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.