Vəkil və diplomatlarımıza ORXAN ZEYNALOVLA niyə görüş verilmir?

Azərbaycan vətəndaşı Orxan Zeynalov Moskvada həbs olunan zaman videomateriallardan da göründüyü kimi ona qarşı çox böyük hüquq pozuntularına yol verilib. Şübhəsiz ki, buna Diasporla İş üzrə Dövlət Komitəsi laqeyd qala bilməzdi. Moskvadakı son hadisələrlə əlaqədar Rusiyaya ezam olunmuş işçi qrupunun rəhbəri, komitənin I ərazi şöbəsinin müdiri Rizvan Əliyev APA TV-yə qurumun bu hadisənin həm Azərbaycan, həm də Rusiyada böyük rezonansa səbəb olduğunu bildirdi. Komitə rəsmisinin sözlərinə görə, bununla bağlı Azərbaycanın Rusiyadakı Səfirliyi və  Ümumrusiya Azərbaycanlıları Konqresi də ciddi reaksiya verib. Lakin nə vəkil Viktor Anikuşkin, nə də səfirlik rəsmiləri Orxan Zeynalovla görüşə bilib:

 

- Bu bizim ölkənin rəsmi orqanlarını narahat etməyə bilməz. Ona görə də bu günə kimi çalışırlar ki, onunla görüş alınsın. Hadisənin necə baş verdiyi bilinsin. İnanırıq ki, yaxın günlərdə bütün bunlar öz həllini tapacaq və Orxan Zeynalovla görüşlər olduqdan sonra bilinəcək ki, o doğurdan da cinayətkardır ya yox.

 

Rizvan Əliyevin sözlərinə görə, işçi qrupu bu məsələni araşdırdıqda müxtəlif rəsmilər bunun qanuni və ya qeyri-qanuni olması ilə bağlı müxtəlif reaksiya veriblər. Orxan Zeynalovun bu cinayəti törətməsindən başqa baş verən hadisələrə də reaksiya verilməlidir:

- Əgər o, cinayətkardırsa, əlbəttə buyursun cavab versin öz hərəkətinə. İkinci tərəfdən də bu hadisədən belə şəkildə şou yaradılmasına ehtiyac yox idi. Çünki bu orada yaşayan digər azərbaycanlılara, digər millətlərin nümayəndələrinə təsir edir. Bu gün orada hüquq-mühafizə orqanları buna don geyindirməyə çalışırlar, ancaq buna əlbəttə ki heç cür don geyindirmək mümkün deyil.

 

Rizvan Əliyev bildirdi ki, Rusiyanın miqrantlarla bağlı problemi bu günün, dünənin və ya bu hadisə ilə bağlı problem deyil:

 

- Orada miqrantlarla bağlı qanunun mexanizmi tam işlənilməyib. Çünki hər gün miqrantlarla əlaqədar problem yaranır.

 

Komitə rəsmi təmsil etdiyi qurumun dəfələrlə xaricdəki Azərbaycan vətəndaşlarına yaşadıqları ölkənin qanunlarına riayət etmələri və  hörmətlə yanaşmaları barədə xəbərdarlıq etdiyini bildirdi. Pakrov bazarının bağlanmasının orada çalışan 5-10 min azərbaycanlıya problemlər yaradacağı məsələsinə də toxunan işçi qrupunun rəhbəri orada başqa bir böyük ticarət obyektinin açıldığını dedi. Onun sözlərinə görə, ticarətlə məşğul olan və sənədləri qaydasında olanlar artıq həmin obyektdə işləyirlər.

Komitə rəsmisi qeyd etdi ki, hazırda Rusiya rəhbərliyi bütün hüquq-mühafizə orqanlarına həftənin 5-cü günləri miqrantların yaşadığı evlərdə yoxlama aparmaları və qayda-qanunla yaşayıb-yaşamamalarını araşdırmaq barədə tapşırıq verib. Bu prosesin gələn ilin əvvəlinə kimi yekunlaşdırılması qarşıya məqsəd kimi qoyulub. 

Müəllif | Apa.Tv