"Petkim"də həbslər, saxlananlar arasında azərbaycanlılar da var - FETÖ TƏHQİQATI
“Petkim Petrokimya Holding A.Ş.”nin sabiq baş icraçı direktoru Saadettin Korkut həbs edilib.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, iyulun 15-də Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində “Petkim Petrokimya Holding Anonim Şirkətində” saxlanılan 25 əməkdaşdan 13-ü haqqında həbs qərarı verilib, 12 nəfər isə ölkədən çıxmamaq şərti ilə azadlığa buraxılıb.
Haqqında həbs qərarı verilən 13 nəfər FETÖ-yə üzv olmaqda ittiham edilir.
Həbs edilənlər arasında S. Korkutla bərabər “SOCAR Türkiye”-nin baş direktorunun müavini, Azərbaycan əsilli İlgaz Mehmetoğlu, “Petkim Petrokimya Holding A.Ş.”-nin İctimaiyyətlə əlaqələr müdiri Memduh Taşlıcalı, İnsan resursları şöbəsinin müdiri, Azərbaycan əsilli Raqif Fərəcov, Satın alma işləri şöbəsinin meneceri Selim Bal, Satış şöbəsinin meneceri İbrahim Aydın, şirkətdə himmət pullarını toplamaqda şübhəli bilinən “Petkim”in "imam"ı Yasin Atak və “ES İnşaat” ortağı Şenol Demirbaş da yer alıb.
Qeyd edək ki, S. Korkut iyulun 27-də tutduğu vəzifədən azad edilib.