Sabiq hərbi prokuror: "Ordudakı FETÖ üzvləri bir gün parlamenti yenə bombardman edəcəklər"

"Orduda hələ FETÖ üzvləri var. Təhlükə keçməyib. Məclisi yenə bombalaya bilərlər". Bu açıqlamanı "Balyoz" işi üzrə saxta dəlillərlə ittiham edilərək həbs olunmuş sabiq hərbi prokuror, polkovnik Ahmet Zeki Üçok deyib.

 

O, prezident Ərdoğanın "Aldanmışıq, üzr istəyirik" açıqlamasını səmimi saydığını deyib: "Mənim aldığım dövlət tərbiyəsinə görə prezidentlər yalan söyləməz. Amma prezidentin qətiyyən bağışlamadığım bir nəfər var. O, Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Necdet Özəldir. Baş Qərargah rəisi yalan söyləməməlidir. Özəl bu vəzifədə çalışdığı zaman üç dəfə ordudakı fəthullahçıların siyahısını göndərmişəm. Necə xəbərin olmayıb? Sənin hərbi prokurorun bu siyahıları dəfələrlə rəsmi şəxslərə verib. Necdet Özəlin "bunu bilmirdim" deməkdə məqsədi hazırkı Baş Qərargah rəisi Hulusi Akarı və komandanlığı qorumaqdır. Çünki onlar çevriliş cəhdi zamanı çox bacarıqsız hərəkət etdilər". 

 

Əhməd Zəki Üçok Türkiyə ordusu daxilində bir neçə qrupun olduğunu deyib: "Onlardan yalnız sonuncular qəhrəmanlardır. Digərləri ya xain, ya fürsətçi, ya xuntaçıdır. Bu qrupları ortaya çıxarmasaq, bu çevrilişi obyektiv təhlil edə bilmərik. Çevriliş baş tutsaydı, bu komandanlıq çevrilişin onların əmri ilə həyata keçirildiyini açıqlayacaqdı. Ərdoğan məncə səhv etdi. Mən olsam, elə o günün sabahı həm MİT rəhbərini, həm ordu komandanlığını tamamilə dəyişərdim. Şəhid düşən 250 insanın günahı komandanlığın üzərindədir. Mütləq mühakimə olunmalıdırlar.

Bu çevriliş baş tutsaydı, yüz minlərlə insan həbs olunacaq, minlərlə insan öləcəkdi. Bu xaotik vəziyyətdən yararlanan beynəlxalq aləm bizə ikinci Sevr müqaviləsini yaşadacaqdı. Türkiyə bölünəcək, Ermənistan, kürd bölgəsi ayrılacaq, ölkə işğal olunacaqdı".

 

Sabiq hərbi prokuror ölkədə təhlükənin hələ aradan qalxmadığını deyib: "Son 10 ildə Türkiyə ordusunda xidmətə başlayan kursantların sayı təxminən 50 mindir. Bunların təxminən 99 faizi imtahan suallarının cavablarını əvvəlcədən əldə edərək liseylərə qəbul olmuş FETÖ-çü kursantlardır. Onlar hələ də ordu xidmət edir. Üç-beş ay sonra bunlar heç nə olmamış kimi təyyarələri, tankları idarə edəcək, Anadoluya xidmətə gedəcəklər. Amma bir gün Məclisdə qrup toplantısı olarkən bir əmir alacaqlar və iki "F-16" parlamenti yerlə yeksan edəcək. Bu ssenarinin gerçəkləşməsi mümkündürmü? Məncə, mümkündür".

 

Qeyd edək ki, polkovnik Əhməd Zəki Üçok "Balyoz" işi üzrə 4 il 10 ay həbsdə olub və işə dair dəlillərin saxta olduğu açıqlandıqdan sonra məhkəmə qərarı ilə azadlığa buraxılıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv