Azərbaycanın açıq muzeyindən REPORTAJ

Azərbaycanda qədim sənət sahibləri olub. Dəmirçilər, sandıqçılar, qalayçılar, dulusçular, misgərlər kimi. Bu sənətlər unudulub demək olar ki. Lahıc kəndi həmin sənətləri yaşadan tək-tük yerlərdəndir...
 

Misgər Hacı Yusif. Tək Lahıcda yox, Bakıda da adını eşitmək mümkündür, Hacı Yusifin adını. APA TV-nin əməkdaşlarına Lahıca getmişkən, özünü də görmək maraqlı gəlib, misgər Hacı Nağının oğlu, usta Hacı Yusifi. Hacı Yusif deyir ki, misgərlik ailə sənətidir. 7 nəsildir, bu işlə məşğuldurlar. Bu sənəti nəsildən nəsilə ötürmək çörəkpulu qazanmaqla yanaşı, həm də ailə ənənəsinə çevrilib atrıq.

- Neçə ildir, bi sənəti işlədirsiz?
- 45 ildir. 5 yaşımdan işləyirəm.


“Atam deyirdi, elə sənət seçmək lazımdır ki, qocalanda da əlindən tutsun, hörmətli eləsin" deyir Hacı Yusif. Misgərə hamının işi düşür, hamı evində işlətdiyi qazanları, çaydanları qalaylatmağa, lehimlətməyə gətirir. Bütün məclislərdə mis qazanlardan istifadə olunur. Atası deyirmiş , bu işdən əl çəkməsin, məsuliyyətli yanaşsın, düzəltdiyi əşyaların səliqəli və etibarlı alınmasına çalışsın. "İşinin ustası ol, ömür böyu çörəkpulun olacaq"- deyirmiş.

- Sənəti də o, öyrədib sizə?
- Hə, sözsüz.
- Marağınız var idi, ya döyə-döyə öyrədirdi?
- Yox, elə döyə-döyə. Özümün marağım futbola idi. Qaçıb gedirdim. Tapıb qaytarırdı ki, əsas budur. Deyirdim, yox ki, yox.
- Bəs, indi nə düşünürsünüz?
- Düz deyirmiş.


"İndi sizin də "əlinə döydüyünüz" varmı?" soruşdum. Güldü. Dedi ki,
var, amma əlinə öyrətdiyimi gec götürəndə vururam. Mənim kimi sənətdən qaçmırlar. Üc oğlum var. Üçü də öyrənir. Xüsusilə də biri maraqlıdır.
Hacı Yusif deyir ki, misgərlik və qalayçılıq ayrı-ayrı sənətlərdir. Amma birini pis, o birini yaxşı bilmək olmaz. Çünki, yaxşı sənətkar ortaya yaxşı əl işi qoymaq itəyirsə ikisini də bilməlidir. Yüksək kefiyyətli bir samovarın və bir çaydanın hazırlanması üçün 7 kiloqram mis lazım olur. Onun hazırlanıb naxışlanması prosesi bir ay vaxt aparır. Hacı Yusif deyir ki, əvvəllər, yəni sovetlər dönəmində, belə əşyaların hazırlanması üçün dövlət müəyyən miqdarda metal ayırırdı. İndi bu sahə dövlət nəzarətindən kənarda qalıb. O üzdən metalı özümüz alırıq, öz pulumuzla.

- Qabaqlar metalı hökumət verirdi. İndi özümümz alırıq. Yəqin yenə verərlər.
- Neçəyə başa gəlir belə olanda?
- Sifarişdən asılıdı. Elə samovar var 150 manata başa gəlir.
Eləsi var baha olur.
- İndi əlinizdə hazırladığınız neçəyədi?
- Bunun qiyməti 2500 manatdır.
- Sifarişdir ya satmaq üçün hazırlayırsınız?
- Yox, ikisi də sifarişdir.


XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası varmış. Həmin əsrdə Lahıc Azərbaycanın misgərlik və silahdüzəltmə mərkəzi kimi də tanınıb. Lahıc ustalarının misdən hazırladıqları məişət əşyaları ilə yanaşı düzəltdikləri silahlar da diqqəti cəlb edib. Türkiyədə, İranda, Dağıstanda, Gürcüstanda çoxdan şöhrət tapıb. Usta deyir ki, keçmişdə insanların uzunömürlü olması məişətdə mis qablardan geniş istifadə ilə əlaqəliymiş. O, iddia edir ki, mis qabların zərərli maddələri öldürmək qabiliyyəti var.

- Samovarı əsasən, bürüncdən düzəldirlər. Amma ən bahalı samovarlar misdən olur. Misdən düzələn bütün əşyalar şafa verir.
- Rəngi filanı dəyişmir ki?
- Yox. Mən onun işini qalaylayıram da ki, alıb aparan uzun illər boyu rahat işlətsin.


Sənətkar həmçinin mis qazanda bişirilən yeməklərin çox ətirli və dadlı alındığını da ayrıca vurğulamağı unutmur. Və elə deyəsən bu fikirdə olan aşbazlar da var.

- Bu qazanlarda bişən yeməklərin dadı başqa olur. Tövsiyyə edirəm ki, yeməklərin bir qismini mis qazanlarda bişirəsiniz.

Bizim kəndə gəlişimiz payıza təsadüf elədi, o üzdən turistlər də az idi. Amma isti havalarda turist əlindən tərpənmək olmur deyir Hacı Yusif. Və misdən, gümüşdən, bürüncdən hazırlanan kasa, boşqab, qazan və digər məişət, həm də bəzək əşyalarına tələbatın artdığını da bildirir.

Mənim də hədiyyəm oldu. Bürüncdən hazırlanan bax, bu lampa. Hacı Yusif deyir ki, o, bəzən çox sevdiyi və dəyər verdiyi əl işlərini hədiyyə edir. Bu sənətin hər evdə yaşaması da böyük işdir, çünki.
 

Müəllif | Apa.Tv