Mirzə Əhməd xanın qəzalı vəziyyətə düşmüş evindən REPORTAJ
Gördüyünüz bu köhnə ev Astara rayonunun Pensər kəndində yerləşir. APA TV-nin Cənub bürosunun məlumatına görə, 3 əsr öncə Talış mahalının başçıları Mirmustafa və Mirhəsən xanların vəziri olmuş Mirzə Əhməd Mirzə Xudaverdi oğlu burada yaşayıb.
Mirzə Əhmədin varisi olan Nərgiz Əhmədovanın sözlərinə görə, əslən Qarabağ mahalından olan ulu babası 1786-cı ildə Talış mahalında doğulub, Rəşt və Ənzəli şəhərlərində mükəmməl təhsil aldıqdan sonra Astaranın Pensər kəndindəki bu evdə yaşayıb. Mirzə Əhməd cənub bölgəsində baş verən bir çox tarixi hadisələri 1882-1883-cü illərdə qələmə aldığı “Əxbarnamə” adlı kitabında təsvir edib.
"XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Qarabağdan Talışa köçüblər. Əvvəl Masallının Qızılabad kəndində, daha sonradan Astaranın Bütəsər, yəni indiki Pensər kəndində məskunlaşıblar. Mirzə Əhməd dövrünün tanınmış ziyalısı olub. Əvvəl Mirmustafa xanın mirzəsi, daha sonra vəziri vəzifələrində çalışıb. Öz dövrünün savadlı, tanınıb-seçilən adamlarından olub. Talış xanlığının tarixindən bəhs edən “Əxbarnamə” kitabını yazıb. Bu kitab hazırda Əlyazmalar İnstitutunda qorunub saxlanılır".
Nərgiz xanımın sözlərinə görə, Mirzə Əhmədə aid olan əşyaların böyük bir qismi onun varisləri tərəfindən mühafizə olunur. O, həmçinin Mirzə Əhməddən yadigar qalmış Qurani-Kərimin qədim nüsxələrindən birinin araşdırılmasına ehtiyac duyulduğunu da dilə gətirib.
Evdə gördüyümüz uzaq keçmişlərə aid olunan xeyli sayda sinilər, məcməyilər, kasalar, bardaqlar, çıraqlar, samovar, nehrə və məişətdə işlədilən digər növ alətlər baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb. Buradakı qədim sandıq isə orijinallığı ilə diqqəti cəlb edir. Evin hazırkı sahibi Nəzakət Mahmudovanın sözlərinə görə, bu sandıq da Mirzə Əhməd Xudaverdi bəy oğluna məxsusdur:
"Buna əl vuranda siqnal verərdi. Sökülüb, dağılıb, xaraba qalıb. İçərisinə çəltik tökmüşdük, siçan girib xaraba qoymuşdu. Oğru-filan bu sandığa əl vuranda, o dəm siqnal verərdi ki, yəni evə oğru girib. Lakin sonradan baxımsızlıq ucbatından sıradan çıxdı".
Dam örtüyü kirəmitdən olan evin qədimliyi elə giriş qapısının dəstəyində yazılmış tarixdən, yəni 1837 rəqəmlərindən də bəlli olur. Lakin Mirzə Əhmədin nəslinin nümayəndələri tikilinin burada qeyd olunan vaxtdan xeyli əvvəl inşa olunduğunu ehtimal edirlər. Yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınan evin hazırkı miskin görkəmi isə təəssüf hissi doğurur. Bu tarixi ev göz görə-görə dağılıb sıradan çıxmaqdadır.
Astara Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, bu tarixi abidənin təmiri üçün müvafiq qurumlara müraciət olunsa da, Nazirlər Kabinetinin qərarına əsasən şəxsi istifadədə olan bütün tarixi abidələr orada yaşayan şəxslərin vəsaiti hesabına təmir olunmalıdır.
Mirzə Əhmədin varisləri, Pensər kəndinin sakinləri isə evin təmirinə imkanlı iş adamları tərəfindən vəsait qoyulacağına ümid bəsləyirlər.