Azərbaycanda ilk dəfə 5000 illik tarixə malik qazma evlər aşkarlanıb - SENSASİYA

Azərbaycanda ilk dəfə 5000 illik tarixə malik qazma tipli evlər aşkarlanıb. Kür-Araz mədəniyyətinə aid abidə Şabran rayonu, Aygün kəndi ərazisində Çaqqaltəpə abidəsində aparılan arxeoloji qazıntılar zamanı tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəisi Səfər Aşurovun sözlərinə görə, ərazidə 3 təpə var və onların hər biri eramızdan əvvəl (e.ə) IV minilliyin sonu III minilliyin əvvəlinə aiddir. Hazırda tədqiqatlar aparılan abidə şimal bölgəsində ən qədim abidədir. Ərazidə 5 ədəd qazma tipli ev tapılıb. Bu tipli evlər Azərbaycanda öyrənilməyib.

"Kür-Araz mədəniyyəti üçün xarakterik olan gil möhrə üzərində yüngül konstruksiyalı ağac örtüklü evlərin qurulmasıdır ki, bu bölgə üçün xarakterikdir. Daş özül üzərində evlərin tikintisi isə Kür-Araz mədəniyyəti üçün xarakterik olan tikilidir".

Qazıntı işləri zamanı abidənin ərazisində küplər və saxsı qablar tapılıb. Ekspedisiya rəhbərinin sözlərinə görə, bu da abidənin tarixini müəyyənləşdirməyə kömək edən amillərdəndir. “Abidənin digər xüsusiyyəti çaxmaq daşından alətlərin əksəriyyət təşkil etməsidir. Bu alətlərin çoxu da ox uclarından ibarətdir. Bu da sübut edir ki, eramızdan əvvəl IV minilliyin sonu, III minilliyin əvvəli yerli əhali ovçuluqla da məşğul olublar”.

Ərazidə aşkar edilən üç təpədən ikisi dövlət tərəfindən qorunan abidələr siyahısına salınıb. 3-cü təpənin də bu siyahıya salınması üçün işlər aparılır.

Müəllif | Apa.Tv
Apa.tv