Rəsul Çunayev Riodan “bürünc”lə qayıdır

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. APA TV-nin məlumatına görə, Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev finala gedən yolda erməni Miqran Arutyunyanla güləşib. Təəssüf ki, Çunayev ilk görüşdəki uğurunu davam etdirə bilməyib. İlk hissədə 0:4 hesabı ilə uduzan həmyerlimiz növbəti hissədə fərqi azaltsa da, bu onun finala çıxmasına kifayət etməyib - 1:4.

 

Məğlubiyyətə baxmayaraq, Rəsulun medal qazanmaq şansı davam edib. O, bürünc uğrunda Cənubi koreyalı Hansu Ryu ilə güləşib. Rəqibinə 8:0 hesabı ilə qalib gələn pəhləvanımız bürünc medal qazanıb.

 

Bu, güləş millimizin ikinci bürünc medalıdır.

 

Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. Saman Təhmasibi (85 kq) 13-cü olub, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti isə,  3-cü yeri tutaraq  güləş yığmamıza ilk medalı qazandırıb.

 

 

 

 

Müəllif | Apa.Tv